Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırılır
Milli Məclis tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləğinin 6 dəfə artırılmasını birinci oxunuşda təsdiqləyib.
TNS xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, təklif olunan dəyişikliklə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.
Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunacaq.
Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.