Close

23:11
07 Oktyabr 2024

Beynəlxalq Maarif Məktəblərinin yeni kampusu fəaliyyətə başladı

Oktyabrın 7-də Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda açılış mərasimi keçirilib. 

TNS xəbər verir ki, açılışda Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Prof. Dr. Birol Akgün, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dos.Dr. Cahit Bağcı, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Serdar Gündoğan, millət vəkilləri, iş adamları və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Beynəlxalq təhsil proqramının intensiv tədris olunduğu Azərbaycan Beynəlxalq Maarif Məktəbləri yeni kampusu ilə birlikdə 1000-ə yaxın şagirdə təhsil imkanları təqdim edir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, T3 Vəqfi ilə birgə qurulmuş “Bilim-Maarif” otağı, laboratoriyalar, kitabxana, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Türkiyə Maarif Vəqfinin peşəkar heyəti tərəfindən hazırlanan Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən yeni kampusda əsas fənlərlə yanaşı, dərsdənkənar dərnəklər də fəaliyyət göstərəcək. Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi tərəfindən 6721 saylı qanunla qurulan Türkiyə Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur. Qədim Anadolu irfanını mənimsəmiş, müasir elmi bilikləri öyrənən və tətbiq edən, vicdanlı, ağıllı, aktiv və iradəli xarakterə sahib ərdəmli insanlar yetişdirməyi hədəfləyən Türkiyə Maarif Vəqfinin dünyanın 54 ölkəsində yerləşən 477 təhsil müəssisəsində 52 mindən çox şagird təhsil alır.