Close

19:54
05 Oktyabr 2024
19:24
05 Oktyabr 2024

Məni "Qarabağ" yox, maşinist yandırdı – Samir Əlidən məlum oyuna sözardı…

Bir sutkadır yazmaq istəyirəm, əlim gəlmir. Sentyabrın 3-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda məlum oyunda “Qarabağ” ümidlərimizi doğrultmadı.

Əslində hamı “Qarabağ”ın qələbəsinə hazır getmişdi. Hamı hazır dayanmışdı ki, oyunun sonunda “Köhlən atlar”ı təbrik etsin. Artıq iş o həddə çatmışdı ki, stadionda azarkeşlər oyun başlamamış nəticəni müzakirə edirdilər-3:0, 3:1, 2:0 və sair. Hətta 7-ci dəqiqədə “Qarabağ”ın “Qırxayağı” sayılan Juninyonun gözlənilməz qolundan sonra azarkeşlər oyuna 7:2 proqnozunu da verdi.

Amma...

“Qarabağ” heç bir ümidləri doğrultmadı və 1:2 hesabı ilə məğlub oldu. Əslində “Qarabağ”ı qınamağa haqqımız yoxdur. Müstəqillik dövründən bu yana Azərbaycan futbolunu dünya arenasına “Qarabağ” çıxarıb. Son 10 ildə dünyaya “Azərbaycanda futbol var”, - deyən yeganə komanda elə məhz “Qarabağ”dır, başqa heç bir komanda olmayıb.

Bu, öz yerində.

“Qarabağ”ın oyununa təəssüflənsəm də, bu, məni yandırmadı eee…

Məni yandıran oyundan sonrakı vəziyyət idi.

Stadiondan çıxdıq və yön aldıq metroya. Yollar bağlı, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, 30 minə yaxın azarkeşin yeganə istifadə edəcəyi nəqliyyat metro idi. Stadiondan çıxanların 90 faizi “Gənclik” stansiyasına axışırdı, mən də onların içində. Metroda hərəkətin təhlükəsizliyi yüksək səviyyədə. Stansiya əməkdaşları gücləndirilmiş rejimdə çalışır, sərnişinlərin təhlükəsizliyi təmin edilir, insanların metroya daxil olması və sıxlığın qarşısının alınması üçün növbəli giriş. Hətta stansiyada hər iki istiqamətə boş olan ehtiyat qatarlar dayanıb, sərnişinləri gözləyirdi. Təqdirəlayiqdir və alqışlanmalıdır.

Daxil olduq vaqonlara. Stansiya əməkdaşları sərnişinləri vaqonlara elə nəzakətlə yola saldı ki, heyran qaldım. Amma dərd vaqonlara daxil olandan sonra başladı.

Deməli, bəxtimizə yeni istifadəyə verilən müasir qatar düşdü. Vaqona daxil olduq, “Qarabağ”ın qara bəxtindən ayılıb, təkrar “qara günə” düşdük. Qatar tərpəndi, amma havalandırma sıfır. Bakıya təzə gətirilən yeni, müasir, kondisionerli qatarda kondisioner işləmir. İşləmir də deməyə dilim gəlmir. Çünki işləyir, amma işlətmirlər.

Vaqondakı sıxlıqdan nəfəs almaq olmur, o qədər sıxlıqdır ki, elə bil vaqon deyil, Sabirabaddan Bakıya “Moskviç”də kələm gətirirlər. Növbəti stansiyaya çatanda artıq vaqondakıların 90 faizi təngnəfəs olmuşdu. Platforma nəzarətçisinə şikayət etdik, nəzarətçi maşinistə bu barədə məlumat verdi. Sevindik ki, maşinistin bizə yazığı gələcək. Amma “Qarabağ” kimi maşinist də ümidlərimizi puç etdi. 3 stansiya nəzarətçisinə şikayət edəndən sonra anladıq ki, özümüzü boş yerə yoruruq. Sona qədər heç bir vaqonda kondisioner qoşulmadı. Zavallı azarkeşlər birinci zərbəni “Qarabağ”dan, ikincini isə "Bakı Metropoliteni"nin maşinistindən aldı.

Maşinist artıq bizi metro rinqində nokaut etdi. Və biz, yəni “Qarabağ” azarkeşlərini “Köhlən atlar”ın uduzmağı yandırmadı, maşinist yandırdı. Sözün əsl mənasında yandıq. Bütün mənzil boyu vaqondakılar, qatardakılar həm istidən, həm də əsəbdən yandı.

Qarşıda Bakını möhtəşəm COP29 tədbiri gözləyir. İraq olsun, COP29-da 80 min turistin başına bu oyunu açsalar, vay halımıza. 30 min azarkeşin bir hissəsini daşıyanda bu hoqqanı çıxaran metro maşinisti 80 min turist qarşısında neyləyəcək, bilmirəm.

Allah səbrimizi versin!