Close

22:36
21 Noyabr 2024

AQTA "zərərli" sayılan yağlarla bağlı məsələyə aydınlq gətirdi - FOTO

Rusiya Federasiyasında istehsal olunan və Belarus Respublikasına idxal edilən “Слобода” əmtəə nişanlı günəbaxan yağı partiyalarının Belarus Respublikasının dövlət standartının tələblərinə uyğun olmaması səbəbindən bu ölkədə satışının qadağan edilməsi ilə bağlı yayılmış məlumatlar əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq araşdırmalar aparılıb.

Bu barədə TNS-in sorğusuna cavab olaraq AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən açıqlamada bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən müxtəlif ticarət şəbəkələrində satışı həyata keçirilən “Слобода” əmtəə nişanlı müxtəlif növ bitki yağı partiyalarından Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub: “Aparılan sınaq nəticələrinə əsasən, ölkəmizə idxal olunan həmin bitki yağı məhsulu partiyalarında hər hansı uyğunsuzluq aşkarlanmayıb. Sözügedən qida məhsulu ilə bağlı heç bir narahatlığa əsas yoxdur”.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizin gömrük ərazisinə idxal olunan bütün növ qida məhsullarına risk əsaslı yanaşma tətbiq etməklə müvafiq nəzarət tədbirləri həyata keçirilir. “Məhsullardan nümunələr görülərək təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müvafiq laborator müayinələrə cəlb edilir. Yalnız sınaq nəticəsi uyğun çıxan qida məhsullarının satışına icazə verilir”, - deyə məlumatda vurğulanıb.

slaboda

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Rusiyanın Belqorod vilayətində istehsal olunan “Слобода” əmtəə nişanlı günəbaxan yağının dövlət standartına uyğun olmadığı haqqında məlumatlar yayılıb.

Aygün