Mal-qarası tələf olanlar, heyvanlarınızı sığortalayın
Quba rayonunda yırtıcı heyvanların, o cümlədən ayıların kəndə hücum edərək mal-qara və digər təsərrüfat heyvanlarına hücumu və zərər vurması barədə məlumat yayılıb. Nəticədə yerli sakinlərə və təsərrüfatlara ciddi zərər dəyib. Azərbaycanda təsərrüfatların belə hallardan qorunması üçün aqrar sığorta mexanizmi mövcuddur.
Aqrar Sığorta Fondundan TNS-ə bildirilib ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanlarını, iribuynuzlu və xırdabuynuzlu mal-qaranı müxtəlif risklərdən, o cümlədən vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərdən sığortalamaq olar.
Heyvanların sığortası südlük və ətlik mal-qara, yəni inək və danalar, eləcə də xırdabuynuzlu heyvanlar, yəni qoyun və keçi təsərrüfatlarını əhatə edir.
Aqrar sığorta heyvanları yoluxucu xəstəliklər, ilan və həşərat sancması, zəhərli ot və yemdən, kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakətlər, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, soyğunçuluq və quldurluq halları nəticəsində dəymiş zərərlərdən qoruyur.
Göründüyü kimi, sığorta risklərinin siyahısına vəhşi heyvanların hücumu da daxildir. Yəni bu hadisə nəticəsində dəyən zərərə görə də ödəniş nəzərdə tutulub.
Sığorta haqqına isə 50 faizlik dövlət dəstəyi mövcuddur. Başqa sözlə, heyvanların sığortası zamanı hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir, fermer isə sığorta haqqının yalnız 50 faizini ödəyir, nəticədə cüzi ödənişlə təsərrüfatını sığorta edə bilir. Sığorta haqqı heyvanın qiymətinə əsasən hesablanır, sığorta tarifi 5,2-8,2 faiz arasında dəyişir.
Belə ki, 300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12 manat, 1000 manatlıq mal-qaranın sığorta haqqı isə 26-41 manat arasındadır. 2000 manatlıq inək üçün sığorta haqqı 52-82 manat arasında dəyişir. Fermer bu məbləği ödəməklə heyvanı 1 il müddətində sığorta edə bilər.
Hadisə baş verərsə, yəni məsələn, vəhşi heyvanların hücumu nəticəsində heyvan tələf olarsa, heyvanın qiymətinin 90 faizi qədər ödəniş edilir. Məsələn, 300 manatlıq qoyun tələf olarsa, fermerə 270 manat, 2000 manatlıq inək tələf olduqda isə 1800 manat ödəniş edilir.
Qeyd edək ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən vəhşi heyvanların hücumu ilə bağlı 20-yə yaxın hadisə qeydə alınıb və ödənişlər edilib. Təkcə 2024-cü ilin 7 ayında vəhşi heyvanların təsərrüfatlara hücumu ilə bağlı 8 hadisə qeydə alınıb, 8 baş kənd təsərrüfatı heyvanı tələf olub və ona görə, fermerlərə ümumilikdə 37 min 485 manat ödəniş edilib.
Ümumilikdə, indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə 2,5 milyon manat sığorta ödənişi edilib. 2022-ci ildə bu rəqəm 710 min manat, 2023-cu ildə 910 min manat, 2024-cü ilin ilk 8 ayında isə 770 min manat təşkil edib.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.