Əvvəllər məhkum olunmuş şəxslər niyə təkrar cinayət törədirlər?
Ölkədə cinayət törədənlərlə bağlı məlumatları araşdırdıqda əksəriyyətinin əvvəllər məhkumluq həyatı yaşamış şəxslər olduğu ortaya çıxır. Cinayət xəbərlərinin əksəriyyətində “əvvəllər məhkum olunmuş şəxs” cümləsi yer alır. Belə nəticəyə gəlmək olar ki, cəza müddətini başa vurduqdan sonra azadlığa çıxanlar, yaxud da əfv olunanlar təkrar cinayət törədir.
Mövzu ilə bağlı TNS-ə danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, insan əksər hallarda həbsxanada islah olmur: “Bildirilir ki, insanın cinayət məsuliyyətinə cəlb edilməsində məqsəd onun islah olunmasıdır. Buna görə də azadlıqdan məhrum edilir. Amma bu, çox idealist yanaşmadır. Nəinki Azərbaycanda, bütün dünyada belədir. Mən hesab edirəm ki, çox vaxt insan həbsaxanada islah olunmur, əksinə, bəlkə daha da korlanır. Çünki düşdüyü mühit, cinayətkar insanların əhatəsində olmaq insana təsir edir.
Həbsxanalarda cəza çəkənlərin əksəriyyəti cinayətkardır. Ona görə əksəriyyəti deyirəm ki, bəzən tam günahsız insanlar da azadlıqdan məhrum olunur”.
Hüquqşünas vurğulayıb ki, potensial olaraq istənilən insan cinayət törətməyə qadirdir: “Təsadüfən də hər bir cinayət törədilə bilər. İnsanları cinayətdən saxlayan onun mənəvi dəyərləri ilə yanaşı, daha çox cəzanın olmasıdr. Çünki cəzadan qorxur. Amma artıq bir dəfə içəri girən cəzadan daha az qorxur. O, orada olan həyatı görür. Baxır ki, hətta həbsdəki bəzi cinayətkarların vəziyyəti azadlıqda olanlardan daha yaxşıdır. Bu səbəbdən onun kriminal aləminə qoşulma ehtimalı ortaya çıxır”.
Ə.Həsənov həbsxanadan çıxan insanların iş tapa bilməməsi probleminə diqqət çəkib: “Azərbaycanda cinayət törətməyənlər də iş tapmaqda çətinlik çəkir. Təbii ki, həbsdən çıxdıqdan sonra həyatını düzəldənlər, yeni həyata başlayanlar da var. Amma bunların sayı azdır. Bu, bütün dünyada belədir.
Yəni, cinayətkarların islah olunmaması tendensiyası hər zaman olub”.
Hüquqşünas bildirib ki, insanları azadlıqdan məhrum etməməyə çalışmaq lazımdır: “Hakimlər insanları daha az məhkum etməyə çalışmalıdır. Bizdə bununla bağlı qərarlar da var. Amma təcrübədə belə deyil. Bəzən eyni cinayətə görə birini azadlıqdan məhrum edirlər, digərinin isə sadəcə azadlığını məhdudlaşdırırlar. Qərar verərkən insanın cəmiyyət üçün nə qədər təhlükəli olduğuna baxmaq lazımdır. Azadlıqdan məhrumetmə cəzasını xüsusi hallarda vermək lazımdır. Cəmiyyət üçün təhlükə varsa, bu qərar verilməlidir”.
Hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev isə TNS-ə bildirib ki, şəxsin cinayət törədib, cəzasını çəkdikdən sonra heç bir cinayət törətməyəcəyinə zəmanət vermək mümkün deyil: “Hesab etmirəm ki, insanın cəzaçəkmə müəssisəsində cəzalandırılması onu tam islah etsin. Bəzi cinayətkarlar heç vaxt islah olunmurlar. Azadlığa çıxdıqdan sonra yenidən cinayət törədən kifayət qədər insan var”.
Aygün