Close

23:40
30 Sentyabr 2024
22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

Xəzərin çəkilməsi nəticəsində ortaya çıxan torpaqlardan istifadə etmək mümkündür?

Xəzər dənizində suyun səviyyəsi hazırda enmə mərhələsindədir və bu prosesin 2050-ci ilə qədər davam edəcəyi proqnozlaşdırılır. Araşdırmalara görə, Xəzərdə ən yüksək səviyyə 1805-ci ildə müşahidə edilib ki, həmin vaxt suyun səviyyəsi indikindən 5-6 metr yuxarı olub. Daha sonra dəniz səviyyəsi enməyə başlayıb.

Xəzərin səviyyəsi 1977-1995-ci illər arasında 2,5 metr qalxdığı dövrdə 50 min ərazi hektarı su altında qalıb. 1996-cı ildən isə dənizin səviyyəsində enmə müşahidə olunur və bu günə qədər səviyyə 2 metrə qədər azalıb. Xəzər səviyyəsinin bu cür tərəddüdləri nəticəsində zamanla bir çox sahələr su altında qaldığı kimi, çəkilmələr zamanı ortaya boş sahələr də çıxır. Ümumiyyətlə, Xəzər dənizinin çəkilməsi nəticəsində ortaya çıxan ərazilərdən daimi istifadə nə qədər düzgündür?

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev TNS-ə bildirib ki, Xəzərdə çəkilmələr hər zaman olub: “Elə vaxt olub ki, çəkilmələr nəticəsində Azərbaycan ərazisində 200 min hektara qədər torpaq azad olub. Dağıstan ərazisində də bu hal müşahidə olunub və azad olunan ərazilərdən otlaq və s. məqsədlər üçün istifadə olunub. Bu cür ərazilərdə əsaslı tikinti aparmaq, hündür binalar tikmək qətiyyən düzgün deyil. Çünki suyun səviyyəsi yenidən yüksələndə həmin tikililərə ciddi ziyan vuracaq. 1980-ci ildə Qaraboğazgöl körfəzini bağlayanda Xəzər əvvəlki səviyyəsindən də 30-40 sm yuxarı qalxdı. Həmin vaxt Dağıstan, İran suyun qarşısının açılması ilə bağlı xahiş etdilər. Çünki Xəzər artıq sənaye obyektlərinə, digər təsərrüfat sistemlərinə ciddi ziyan vururdu. Bu baxımdan, Xəzərin suyunun enməsi nəticəsində ortaya çıxan ərazilərin daimi istifadəsinə etibar yoxdur”. 

Xəzərin suyunu qorumaq üçün nələr edə bilərik?

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli TNS-ə bildirib ki, Xəzər milyon illər ərzində formalaşmış bir göl-dənizdir: “Zamanla Xəzərin sahəsi kiçilib. Hazırda Dünya Okeanı səviyyəsindən 28 metr, bəlkə də daha çox aşağı səviyyədədir. Amma bunların heç biri faciə deyil. Məsələn, daha əvvəl quruma aqibəti ilə üzləşən Aral gölü reallığı var. Sovet imperiyasının həyata keçirdiyi kənd təsərrüfatı siyasəti nəticəsində göl qurudu. Gölə axan çayları kənd təsərrüfatına yönəltdilər. Bu çayların axarı boyu pambıq əkdilər. İnsanları kölə kimi işlətdilər və Arala axan suları da qurutdular”.

Ekoloq bildirib ki, Azərbaycan ərazisindən Xəzərə su daşıyıcısı olan Kür çayının suyu azalır, zamanla quruyur: “Transsərhəd çay olan Kürdən əvvəlcə Türkiyə, daha sonra Gürcüstan ərazisində istifadə olunur. Ən sonda bizə gəlir. Daxil olan kimi də kənd təsərrüfatı sahələrinə yönəldilir”.

Ekoloq bildirib ki, vaxtilə Ceyrançöl deyilən ərazidə tərəkəmə əhali heyvandarlıqla məşğul olduğu halda, sonradan torpaqlar onlardan alındı və kənd təsərrüfatı bitkiləri əkildi: “Kürün suyunun bu cür ərazilərə yönəldilməsi çayda suyun azalması problemlərinə səbəb oldu. Araz çayı da həmçinin, daha çox kənd təsərrüfatı ərazilərinə yönəldildi. Nəticədə Xəzərə su daşıyan çaylarda suyun səviyyəsi azalır. Gələcəkdə vəziyyətin necə olacağını bilmirik. Bu problemlərin qarşısını almaq üçün əvvəlcə torpaqlarımızdan düzgün istifadə etməliyik. Təhsili, elmi inkişaf etdirməli, kənd təsərrüfatında innovativ yeniliklərdən istifadə etməliyik ki, çaylarımız, dənizmiz qurumasın, torpaqlarımız sıradan çıxmasın”.

Aygün