Close

21:48
28 Sentyabr 2024

Əhalinin sayı kəskin azalır - Hansı addımlar atılmalıdır?

Sosial-iqtisadi çətinliklər, miqrasiyaların intensiv xarakter alması, nikah yaşının yüksəlməsi, yeni ailə quranların sayının kəskin azalması, boşanmaların artması, uşaq ölümləri və s. əhali sayının azalmasına səbəb olur. Mütəxəssislər problemlə bağlı narahatlıqlarını dilə gətirir.

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov yaranmış vəziyyətin real olaraq qiymətləndirilməsi və həlli yollarının müəyyən edilməsi üçün ölkədə Demoqrafik Tədqiqatlar Mərkəzinin yaradılmasına ehtiyac olduğunu açıqlayıb.

Milli Məclisin deputatı Zahid Oruc isə Milli Məclisin 2023-cü ilin payız sessiyasında bu problemlə bağlı ciddi fikirlər səsləndirib: “Azərbaycanda demoqrafik dinamikaya 2024-cü ilin büdcəsi necə təsir edəcək? Buna diqqətinizi yönəltmək istəyirəm. 4 il əvvəl 2019-cu il yanvarın 29-da dövlət proqramının yekunlarına həsr olunan konfransda ölkə rəhbəri “əhali nə qədər çox olarsa, ölkəmiz o qədər sürətlə inkişaf edər”, - bəyanatı ilə ailə institutunun qorunması və inkişafı, milli genofondumuzun gələcəyi, ordumuzun əsas nüvəsi olan gənclərlə qürur duyduğunu bəyan edib.

Bir xarici ekspertin “Ermənistanda doğum səviyyəsi artır, Azərbaycanda azalır”, - sərlövhəli müsahibəsi geniş rezonans doğurub. Əlbəttə, demoqrafiya məsələsinin də siyasiləşdirildiyi bəllidir. Ona görə də əhali artımını da qələbə amili sayması ölkəmizə qətiyyən irad tutula bilməz. Lakin son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib. Ermənistan isə əksinə, son 3 ildə hər qadına düşən doğum əmsalı parametrinə görə digər ölkələri qabaqlayır. Gürcüstanda Patriarx İlyanın 2-ci və 3-cü uşaqları özünün xaç suyuna salacağını elan etməsindən sonra doğum səviyyəsi artıb. Azərbaycanda 2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100 min uşaq. Ermənistanda daha az, 32 min olub. 3-ün birə nisbəti qədər. Xatırladaq ki, 1950-ci ildə bu, ikinin birə nisbəti idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. Çünki 3-cü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4 min dollar ödənilir. Ona görə də Ermənistanın demoqrafik artımı dövlətin demokratik iqtisadi inkişaf siyasəti ilə bağlaması və Azərbaycanda əhalinin sayı azalarsa, onların məğlubiyyətə düçar olduğu Qarabağı tam məskunlaşdıra bilməmə sindromunu bizə yönəltməsinin və bu cür təbliğatın qarşısını almalıyıq. Qələbə tarixini yazan ölkəmizdə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması çox önəmlidir. Ölkəmizdə 2022-ci ildə ana bətnlərində məhv etdiyimiz uşaqların sayı 58 mindir, 15 065 nikahdan 6 920-si boşanıb və əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb və belə mənfi tendensiyanı yalnız məqsədli dövlət siyasəti durdura bilər. Ona görə də Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin 3-cü uşaq siyasətini stimullaşdıran dövlət proqramına ciddi ehtiyac duyulur”.

Əhalinin sayının azalmasını məktəbə başlayan uşaqların sayından da bilmək olar. 2024-2025-ci tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunub.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 137 862 uşaq gedib. Yəni, bir ildə I sinfə gedən uşaqların sayı 5601 nəfər azalıb.

İqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu TNS-ə açıqlamasında bildirib ki, bu problemin yaranacağı barədə illərdir danışsa da, dövlət məmurları məsələnin mahiyyətini, ciddiliyini anlaya bilmir: “Demoqrafik problemlər ölkəmizdə çox ciddi şəkildə mövcuddur. Bu problemin həlli ilə aidiyyəti dövlət qurumları birlikdə məşğul olmalıdır. Təəssüf ki, onlar nə iş görəcəklərini bilmirlər”.

Sağlam ailə institutunun önəmini vurğulayan sosioloq bildirib ki, ilk növbədə ölkədə boşananlar arasında sosioloji araşdırmalar aparmaq lazımdır: “Elə başa düşülür ki, sosioloji sorğu sosioloji anket deməkdir. Anket prosesin yalnız bir tərəfidir. Müxtəlif yollarla insanların hansı səbəbdən boşandığını öyrənmək lazımdır. Gənc ailələr, boşanan-boşanmayan ailələr, valideynlər arasında sosioloji sorğular keçirilməlidir. Bütün nəticələr ciddi təhlil olunmalı və bunun əsasında fəaliyyət proqramı hazırlanmalıdır. Bu proseslərin qarşısı mütləq alınmalıdır. Boşananlar yalnız fiziki olaraq boşanmır. Özlərində, övladlarında mənəvi-psixoloji sarsıntı baş verir. Bəlkə, boşanan gedib daha yaxşı biri ilə ailə quracaq, amma uşaq daha yaxşı valideyn tapa bilməyəcək. Bu, insanların psixologiyasını, ovqatını dəyişən dəhşətli prosesdir”.

Mütəxəssis hesab edir ki, bu məsələlər orta məktəblərdə təlim-tədrisə əlavə olunmalıdır: “Yeni nəsil müsbət ailə dəyərləri ilə tanış olmalıdır. Universitetlərlə yanaşı, minlərlə ali təhsil ala bilməyən gəncləri də düşünmək lazımdır. Qanunvericilikdə dəyişklik edilməlidir. Sosial müdafiə, işsizlik kimi ciddi problemlərə ibtidai sinif səviyyəsində baxırıq. Ümumi komissiya yardılmalı, dövlət səviyyəsində proqram qəbul olunmalı və həyata keçirilməlidir. Məmurlar bu sahədə iş görə bilmirlərsə, heç olmasa, mətbuat bu məsələləri gündəmə gətirərsə, bəlkə hərəkətə keçilər. Azərbaycan cəmiyyəti ailə institutu üzrərində formalaşıb. Ailə institutu dağılanda Azərbaycan mədəniyyət sistemi dəyişir. Ölkədə çox xoşagəlməz mənəvi-psixoloji proseslər gedəcək, insanlar azaldqıca başqa ölkələrdən köçüb gələnlər artacaq. Məsələn, bu gün Fransa hansı gündədidr? Küçəyə çıxanda bilmək olmur ki, ərəblər çoxdur, yoxsa fransızlar”.

Qeyd edək ki, statistik məlumatlara görə, son 50-60 ildə ölkədə nəsilvermə əmsalı 3 dəfə azalıb. Eyni zamanda, əhalinin cins tərkibi də sürətlə dəyişir dəyişir. Oğlanlar bioloji normadan daha çox doğulduğu halda, qızlar az doğulur.

Aygün