Close

21:48
28 Sentyabr 2024

Marketlərdə işçi çatışmazlığı – Alıcıların vaxtı gedir, satıcıların isə..

Bəzi marketlər şəbəkəsində işçi çatışmazlığı müşahidə olunur.

Günün müəyyən saatlarında supermarketlərin bütün kassaları xidmət göstərmədiyi üçün alıcılar uzun növbə gözləyir. Yaxud çəki ilə satılan məhsulları tərəzidə çəkmək üçün satıcı tapmaq müşkülə çevrilir. Hər iki halda alıcılar xeyli vaxt itirirlər.

Belə halların yaranmasına ehtiyac olan sayda yox, daha az işçinin işə qəbul oluması səbəb kimi göstərilir. Yəni, marketlər bir işçiyə bir neçə nəfərin işini gördürməklə, daha az maaş ödəyir.

TNS iddialarla bağlı bəzi marketlərlə əlaqə saxlayıb.

“Bravo” marketlər şəbəkəsinin mətbuat katibi Pərvanə Mədətli Pərvanə bildirib ki, bu supermarketlərdə işçi çatışmazlığı mövcud deyil: “Marketlerimizdə işçi qıtlığı yoxdur. Daim yeni kadrlar cəlb olunur. Yeni kadrların yetişdirilməsi üçün “Bravo” marketçilik məktəbi də fəaliyyət göstərir”.

“Araz” marketlər şəbəkəsindən isə sorğumuza cavab verilməyib.

Qeyd edək ki, iş yerlərində işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanması şərtdir. Müqavilə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Ama bəzi hallarda bu müqavilənin şərtləri pozulur və nəticədə işçi istismarı yaranır.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov TNS-in bu barədə suallarını cavablandırıb.

O bildirib ki, bəzi hallarda işçilərlə əmək müqaviləsi bağlanılmır və ya onlar faktiki olaraq əmək münasibətinə cəlb olunsalar da, mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilir: “Belə olduqda işçi qanunla müəyyən edilmiş bir sıra hüquq və imtiyazlardan məhrum olur.

Sahibkarlar, müəsissə rəhbərləri işəgötürmə funkisiyalarını düzgün yerinə yetirsə, məcburi əmək istismarı halları ola bilməz.

Əgər işçi əmək müqaviləsində yazılandan kənar işlərə cəlb edilirsə, iş vaxtından artıq işlədirsə, işçi üçün layiqli əmək şəraiti yaradılırmırsa, bu, hüquq pozuntusudur. Bir çox iş yeri, xüsusilə marketlər şəbəkəsi olan mağazalarda belə hallara rast gəlinir.

Ölkə üzrə bir sıra müfəttişliklər var, bu da bütün iş yerlərini əhatə edə bilməz. On minlərlə marketin hamısına müfəttiş qoymaq mümkün deyil. Yəni, işçi istismarı məsələsi işə götürənin vicdanına bağlıdır”.

Ayşən Azadova