Close

Üç ölkə Orta Dəhlizlə bağlı əməkdaşlığı gücləndirir

Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın və Avstriya Federal Dəmir Yollarının Avrasiya – Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri xanım Enikö Györfi arasında üçtərəfli görüş olub.

Bu barədə TNS-ə ADY-dən bildirilib.

Görüşdə dəmir yolu ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yüklərin Çindən Avropaya və əks istiqamətə nəqlinin artırılmasının əhəmiyyəti geniş müzakirə olunub. Həmçinin Avstriya Federal Dəmir Yollarının Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə yüklərin daşınmasında maraqlı olduğu qeyd edilib.

Bununla yanaşı, Avrasiya Nəqliyyat Marşrutunun Orta Dəhliz üzrə yükdaşıma marşrutlarının şaxələndirilməsinə töhfə verəcəyi, yeni assosiasiyanın yaradılması və Orta Dəhlizin cənub qanadı olan ANM-in inkişaf etdirilməsi ilə Çin–Mərkəzi Asiya–Avropa və əks istiqamətdə səmərəli, sürətli, təhlükəsiz yükdaşıma əməliyyatlarının təmin ediləcəyi vurğulanıb.