Close

30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanov dəfn olunub. Ailəsinin yaşadığı ünvanda - Gədəbəy rayonunun Qızılqaya kəndində şəhidlə vida mərasimi keçirilib.

TNS xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, kənd sakinləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Bilal Qəhrəmanov Gədəbəy Şəhidlər xiyabanında dəfn olunub. Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib, yaylım atəşi açılıb.

Bilal Qəhrəman oğlu Qəhrəmanov 1969-cu il iyunun 2-də Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra sovet ordusu sıralarında hərbi xidmətə yollanıb. 1991-ci ildə könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsində iştirak edib. O, Ağdam, Ağdərə və Ağcabədi istiqamətlərində gedən döyüşlərdə iştirak edərək, dəfələrlə fərqlənib.

Onun ilk döyüşü Fərrux dağı uğrunda olub və bu döyüşdə iki qəlpə yarası alıb. Həkimlər qəlpələrdən yalnız birini çıxara biliblər. Bilal döyüş yoldaşlarının çətin vəziyyətdə olduğunu eşidən kimi xəstəxanada müalicəsini yarımçıq qoyaraq, yenidən cəbhəyə qayıdıb. Bu dəfə ağır yaralanaraq üç gün təkbaşına döyüşüb, xeyli düşməni məhv edib. 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndinə “Çeyl yüksəkliyi” adlanan yerdə itkin düşüb. 24 yaşlı Bilal həmin döyüşdə düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edərək, döyüş yoldaşlarını xilas edib. Özü isə qəhrəmancasına həlak olub.

Onun qalıqları düz 30 il sonra Şuşa şəhərinin Dəhraz kəndi ərazisində aşkar edilib.

Qeyd edək ki, doğulub boya-başa çatdığı kənddəki orta məktəb indi Bilal Qəhrəmanovun adını daşıyır.