Close

23:50
19 Sentyabr 2024

Bakı-Sumqayıt yolunda acınacaqlı vəziyyət – Cavabdeh qurumlar niyə tədbir görmür?

Bir neçə il əvvəl Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər görülməyə başlansa da, müsbət nəticə əldə etmək mümkün olmadı. Yolun hərəkət istiqamətinin xeyli genişləndirilməsinə baxmayaraq, tıxaclar yenə də qalmaqdadır. Pik saatlarda isə yolda vəziyyət daha acınacaqlı olur.

Nəqliyyat eksperti Elməddin Muradlı TNS-ə deyib ki, Bakı-Sumqayıt yolunda tıxacların yaranmasına səbəb həmin yolda infrastrukturun düzgün qurulmamasıdır.

O bildirib ki, yolda əsas tıxac Xırdalan dairəsindəki vəziyyətlə əlaqədardır: "Həmin ərazidə ciddi yol infrastrukturu qurulmalıdır. Biz dəfələrlə təkliflər vermişik ki, o yolda tıxacları aradan qaldırmaq üçün tədbir görülməlidir. Amma bunlar Xırdalan dairəsindəki tuneli genişləndirməklə işi bitmiş hesab etdilər. Əslində həmin dairədə yeni yol qovşağı yaradılmalı, körpü inşa olunmalıdır. Bu təcrübə bizdə var və nəticəsini də görmüşük. "Koroğlu" metrostansiyasının yaxınlığında yol qovşağı inşa edilib. Həmin qovşağın kiçik modeli də Xırdalan dairəsində inşa edilməlidir. Əslində, o yolda tıxacı yaradan səbəblərdən bir də Xırdalan dairəsində dönən avtomobillərlə bağlıdır. Yolu genişləndirənlər bunu nəzərə almamışdılar. Bu da özünü göstərməli idi və göstərdi. Çünki ərazidə infrastruktura cavabdeh qurumlar işi peşəkar səviyyədə görmədi".

E. Muradlı deyib ki, bu gün eyni problem yolboyu "Şamaxı yolu" adlanan ərazidə və "20 Yanvar" dairəsində də qalıb: "Hər iki yerdə standart model olan körpü və tuneldən istifadə etdilər. Tikilən körpü və tunelin giriş-çıxış nöqtələri fərqli ola bilərdi. Bu gün "Gənclik"metrostansiyası yaxınlığındakı yeraltı tuneldə bu, tətbiq edilib. Tunelə bir istiqamətdən daxil olan avtomobillər bir neçə tərəfə çıxa bilir. Eyni zamanda "20 Yanvar" metrostansiyası yaxınlığındakı körpü və tuneldən fərqli istiqamət trayektoriyaları üzrə giriş-çıxış verilə bilərdi. Yol infrastrukturuna cavabdeh qurumlar bunu etmədi, keçmiş nəqliyyat naziri nə cür yaratmışdısa, elə də qaldı".