Close

11:53
19 Sentyabr 2024
11:21
19 Sentyabr 2024

Vahid tələbə kartı hazırlanır – Gediş haqqında hansı güzəştlər olacaq?

Məlum olduğu kimi, ötən ay Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında “Tələbə+” kartı ilə bağlı memorandum imzalanıb.

Memoranduma əsasən, tələbələrə yeni “Tələbə+” kartı təqdim ediləcək. Bu kartla tələbələr sosial layihələrdə iştirak etmək, yüzlərlə partnyor mağazalarında endirimlərdən yararlanmaq və “Birbank” mobil tətbiqində kart xərclərinə nəzarət etmək fürsəti əldə edə biləcəklər.

Tələbə kartları tələbələrə nə zaman təqdim olunacaq? Hazırda proses hansı mərhələdədir?

Məsələ ilə bağlı Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova TNS-ə açıqlamasında bildirib ki, kartlar hələ hazırlanma mərhələsindədir: “Kartların paylanılması oktyabr ayının ortalarına nəzərdə tutulub. 150 min ədəd kart sifariş verilib. Hazırda onların istehsal prosesi gedir. Universitetlərlə müqavilə bağlanması prosesi də hələ də davam edir”. 

Nərgiz Qədirova bildirib ki, layihəyə ilk növbədə Elm və Təhsil Nazirliyinin tabeliyində və Bakıda olan universitetlər qoşulub. O qeyd edib ki, sonrakı mərhələdə regionlarda yerləşən ali təhsil müəssisələri də prosesə cəlb ediləcəklər.

Fond rəsmisi onu da əlavə edib ki, vahid tələbə kartı ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub: “Əyani, qiyabi, ödənişli və ödənişsiz əsaslarla təhsil alan tələbələr də kartın imkanlarından yararlana biləcəklər”.

Gediş haqqı ilə bağlı kartda nə qədər güzəşt nəzərdə tutulmasına gəlincə, o bildirib ki, hazırda nəqliyyatda gediş haqqına dair müəyyən addımlar atılır, qurumlarla görüşlər keçirilir: “Endirimlərin, müəyyən güzəştlərin əldə olunmasına cəhd edilir”.

Aygün