Close

08:53
19 Sentyabr 2024
22:00
18 Sentyabr 2024

Xaricdə distant təhsillə bağlı təzad - Diplom tanınmır, amma hərbi xidmətdən möhlət hüququ verilir…

Bu problem hər il gündəmə gəlir. Yüzlərlə gənc vaxtını və vəsaitini hədər yerə xərclədiyini öyrənəndə artıq gec olur. Söhbət xaricdəkiali təhsil müəssisələrində onlayn formada təhsil alanlardan gedir. Bu günlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı açıqlamada onlayn təhsillə əldə olunan diplomların tanınmayacağı bir daha vurğulanıb.

Maraqlıdır ki, belə açıqlamalardan sonra yenə də bu üsulla təhsil alanlar olurmu? Digər tərəfdən əgər bu cür alınan diplomlar tanınmırsa, nə üçün onlara təhsil müddətində hərbi xidmətdən möhlət hüququ verilir? Mütəxəsisslər gənclərə və onların valideynlərinə bu məsələdə diqqətli olmağı tövsiyə edir.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi TNS-ə açıqlamasında deyib ki, Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi müntəzəm olaraq, xaricdə distant, onlayn təhsil alanların diplomalarının tanınmayacağı, yalnız əyani təhsil alanların diplomalarının tanınacağını bildirir: “Vətəndaşlarımız diqqətli, əyani təhsil almaqda maraqlı olmalıdırlar. Yalnız əyani təhsil aldıqları zaman onların diplomlarının tanınmasına baxıla bilər. Amma sadəcə əyani təhsil də kifayət etmir. Burada da müvafiq parametrlər var ki, onların hər birinə əməl olunmalıdır. Tələbənin təhsil aldığı ixtisas ölkəmiz üçün prioritet olmalı, təhsil aldığı universitet dünya reytinqində müəyyən yer tutmalıdır. Təhsilalan tədris aldığı dili bilməlidir. Bütün bunlara cavab verdiyi halda, onun diplomu tanına bilər”.

efendi

Elçin Əfəndi bildirib ki, bir çox vətəndaşımız bu kimi məsələləri araşdırmadan xaricdə qiyabi, yaxud distant təhsil alır: “Sonradan diplomaları tanınmır. Yəni, hərbi xidmətdən möhlət almaq xatirinə 4 ilimizi, müəyyən dövrü boşa xərcləməməliyik. Bu məsələdə nazirliyin və yaxud agentliyin günahı yoxdur, günah birbaşa vətəndaşın özündədir. Onların hərbi xidmətdən yayınmaq istəyindən də bəzi xarici təhsil şirkətləri istifadə edir. Dələduzluq edir və vətəndaşlarımızı fərqli istiqamətə yönəldirlər. Müştəri itirməmək üçün lazım olan informasiyanı vermirlər. Ona görə də bu cür təhsil almaq istəyən gənclər, onların valideynləri araşdırmalıdırlar. Yalnız bundan sonra xaricə üz tutmalıdır”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə TNS-ə b bildirib ki, xaricdə onlayn təhsil alanlar hərbi xidmətdən azad olunmurlar. Onun sözlərinə görə, hazırda Türkiyənin Atatürk, Anadolu, İstanbul universitetlərində, eləcə də Ukraynanın ali məktəblərində bu cür təhsil alanlar var: “Onlayn təhsil alanlar hesab edirlər ki, bir müddətdən sonra onlar hansısa yollarla diplomlarını tanıda biləcəklər. Anlamırlar ki, Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi birmənalı şəkildə hansısa yolla diplom tanınmasına getmir və getməyəcək. Burada məsələ ondan ibarətdir ki, bizim insanlarımız hələ də hər hansı bir yolla iş görüləcəyinə inanırlar. Dəyişikliyi qəbul etmək istəmirlər. Nəticədə problem yaşayırlar. Hər kəs bilməlidir ki, dünyanın istənilən ölkəsində onlayn formada təhsil alırsansa, bu diplomlar heç bir halda tanınmayacaq. Bu, birmənalı belədir. Bəlkə də gələcəkdə “Ali təhsi haqqında” Qanun, Azərbaycanda distant təhsilin təşkili ilə bağlı qanunvericilik qəbul olunarsa, bu zaman vəziyyət dəyişər. Amma hazırda mümkün deyil”.

k-esedov

K.Əsədov bu cür təhsil alanların hərbi xidmətdən möhlət hüququnu necə əldə edə biləcəklərini belə izah edib: “Ukraynada əyani təhsil alması ilə bağlı sənədi hərbi xidmətdən azad olunmaq üçün verirlər. Bunu edə bilirlər, çünki hərbi səfərbərlik qurumlarına ancaq apostil olunmuş sənəd lazımdır. Yəni qəbul sənədi. Amma bütün bunlar heç bir halda gələcəkdə diplomun tanınması anlamına gəlmir. Məsəslən, bu il Ukraynanın universitelərinə kifayət qədər gedənlər var, amma hələ də bilmirlər ki, aldıqları diplomları tanınmayacaq”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bu məsələdə fərqli düşünür. O mövzu ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil alan gənclərə dəstək olmalıdır: “Əsas gəncin ali məktəbdə onlayn, ya qiyabi formada təhsil alması yox, onun bilik və bacarığıdır. Hansısa ölkədə oxuyub gələnlərin diplomunu neçə mikrosopun altından keçirirlər və çox zaman diplomlar tanınmır. Amma olsun ki, gənclər gedə bilmir, oxuyur, imtahan verir. Bu məsələdə fərdi yanaşma olmalıdır.

Nazirlik həmin ali məktəblərin legitim olub-olmamasını öyrəndikdən sonra qərar versin”.

uzeyirceferov

Ü.Cəfərov onu da bildirib ki, tanıdığı bir rektor hərbi xidmətdə olmayıb: “Amma bu gün çox ədalı bir formada millətin uşaqlarına vətənpərvərlikdən dərs deyir. Nazirlik bu cür hallara da diqqət yetirsə, yaxşı olar”. 

Aygün