Close

22:00
18 Sentyabr 2024

Hesablama Palatası şəffaflığı və ictimai iştirakçılığı artırır

Şəffaflığı və ictimai iştirakçılığı artırmaq üçün Hesablama Palatasının internet səhifəsində “Qərarların (təkliflərin) izlənilməsi” və “Audit təklif et” altbölmələri yaradılıb.

TNS xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, "Auditor xidməti haqqında" qanunun 30 illiyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq konfransda bildirib.

"Dövlət auditinin təsirinin artırılması məqsədilə yaradılan “Qərarların (təkliflərin) izlənilməsi” altbölməsində audit olunan qurumlar üzrə verilmiş təkliflərin icra statusu (icra edilib, qismən icra edilib və s.) əks olunur və məlumatlar rüblük əsasda yenilənir. Bu tədbirin məqsədi ictimai nəzarət vasitəsilə audit təsirini artırmaqdır. Eyni zamanda, maraqlı tərəflərin gözləntilərinin və ictimai əhəmiyyət kəsb edən mövzuların fəaliyyətlərdə nəzərə alınması şəffaflığa müsbət təsir göstərir. Dövlət auditində ictimai iştirakçılığı təşviq etmək məqsədilə rəsmi səhifədə “Audit təklif et” altbölməsi də yaradılıb", - deyə o qeyd edib.