Close

22:00
18 Sentyabr 2024

“Azərbaycan nəsilvermə əmsalına görə dünyanın ən kritik ölkələri sırasındadır” - AÇIQLAMA

Son illərdə Azərbaycanda 1-ci sinfə gedən uşaqların sayında azalma müşahidə olunur.

Məsələni gündəmə gətirən təhsil eksperti Kamran Əsədov bildirib ki, 2017-2018-ci tədris ilində 164,523 uşaq birinci sinifə qəbul olunduğu halda, 2023-2024-cü tədris ilində bu rəqəm 132,261 nəfərə qədər azalıb: “Ortaya 32,262 nəfərlik fərq çıxır. 7 il ərzində təxminən 20 faiz azalma baş verib”.

Uşaqların sayında özünü göstərən bu tendensiya hansı səbəbdən ortaya çıxır? Bu reallıq Azərbaycan əhalisinin demoqrafik göstəricilərində təhlükədən xəbər verirmi?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirib ki, Azərbaycanda əhalinin azalma tendensiyası var və nəsilvermə əmsalı kritik şəkildə aşağı düşüb.

Onun sözlərinə görə, bu amil 2040-cı ilə qədər ölkədə demoqrafik göstəricilərdə özünü o qədər də göstərməyəcək: “2040-cı ildən sonra əhalinin sayında azalmanın müşahidə olunacağı göslənilir. Hazırda elə bir təhlükə yoxdur. Əhali sayında azalmanın çox səbəbi var. Birinci növbədə nəsilvermə əmsalı aşağı düşüb. Azərbaycan nəsilvermə əmsalına görə dünyanın ən kritik ölkələri sırasına daxil olub. Digər tərəfdən selektiv abortlar, oğlanların doğuş sayının qızlara nisbətən yüksək səviyyədə olmasına gətirib çıxarır. Bu da uzunmüddətli planda demoqrafik vəziyyətə təsir edəcək amillərdəndir. Amma indiki azalmanın əsas səbəblərindən biri də 1990-cı illərdə doğuşun səzviyyəsinin aşağı düşməsi, müharibələrlə bağlıdır”.

Mütəxəssis bildirib ki, bir neçə ilə 2000-ci illərdə doğulanlar artıq nəsil verməyə başlayanda (artıq bəziləri başlayıb) vəziyyətdə nisbi düzəlmə olacaq. O qeyd edib ki, bu məsələdə əhalinin miqrasiya problemi da rol oynayır: “Bəzi kənd və rayonlarda əhalinin azalması, şəhərlərdə isə artım baş verir. Yəni, əhali coğrafi baxımdan da qeyri-bərabər bölünüb. Bu da bəzi yerlərdə məktəblərdə uşaqların çatışmazlığına gətirib çıxarır”.

Sahib Məmmədov vurğulayıb ki, demoqrafik göstəricilərin aşağı düşməsinin qarşısını almaq üçün Dövlət proqramı qəbul olunmalı, selektiv abortların qarşısı alınmalıdır.

Aygün