Magistr təhsili alanların əsgərlik müddəti azaldılacaq?
Hazırda ölkədə magistr təhsili alan gənclərin əsgərlik müddəti 1 ildir. Son günlər bu müddətin çox olması barədə müzakirələr aparılır. Sosial şəbəkələrdə, mətbuatda gedən müzakirələrdə müddəti yetərli hesab edənlərlə yanaşı, azaldılmasının tərəfdarları olanlar da var.
Mövzu ilə bağlı TNS-ə danışan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, əvvəlcə bu istiqamətdə atılacaq addımın mənfi və müsbət tərəfləri aydınlşadırılmalıdır: “Bilirsiniz ki, zamanında magistrlərə möhlət hüququnun verilməsi ilə bağlı problemlər var idi. O zaman bu məsələ müzakirə olundu. Hökumət qarşısında məsələ qaldırlıdı və bu gün artıq magistrlərin təhsil müddətində möhlət hüququ var. Gənclərlə bağlı pozitiv qərarların qəbul olunmasında bu gün də maraqlıyam.
Magistr pilləsini bitirənlərin hərbi xidmətinin 6 aya endirilməsi müzakirə mövzusu ola bilər. Amma bu addımın müsbət və mənfi tərəfləri nələrdir? Əvvəlcə bunu aydınalşdırmaq lazımdır”.
İ. Orucov bildirib ki, insanların bu addımın atılmasına zərurət olub-olmadığını müzakirə etmək haqqı var. Onun sözlərinə görə, bu məsələ ilə bağlı mütəxəssislərin fikirlərini ortaya qoyması daha doğru olar: “Hər hansı bir qərarın qəbulu beynəlxalq təcrübəyə, tədqiqata söykənməldir. O zaman qərarlar dayanıqlı və cəmiyyət üçün faydalı olur. Hesab edirəm ki, bu cür məsələlərlə bağlı yalnız həvəskar şəkildə yox, qərar qəbuletmə prosesində iştirak edəcək olan qurumlar fikir bildirrməlidir. Azərbaycan Ordusu bu gün peşəkar səviyyədədir. Eyni zamanda, ordunun peşəkarlığının artırılması daim gündəmdədir. Ordumuz Ali Baş Komanadının qayğısı ilə əhatə olunub. Ona görə də hərbi ilə bağlı verilən hər bir qərar konkret olaraq əsaslandırılmalıdır. Bunun nə qədər effektli ola biləcəyi ilə bağlı aidiyyəti qurumların arayışları olmalıdır. Məsələn, niyə 9 yox, 6 ay. Yəni, bu təkliflərin əsası varmı? Bakalavr və ya magistr təhsili insana hərbi təhsil vermir. O zaman sual yaranar ki, nə üçün bu insanlara hərbi xidmətlə bağlı o qədər güzəşt etməliyik? Söykənəcəyimiz arqument olmalıdır. Bir sözü həvəskar şəkildə, küyə gedərək demək düzgün deyil. Cəmiyyətə yaxşı görünmək üçün mən bir ay da deyərəm. Amma hərbi ilə bağlı mövzuda peşəkarlar, hərbi sahə ilə məşğul olan dövlət qurumları fikir bildirsə, daha yaxşı olar. Mən mövcud müddəti doğru hesab edirəm”.
Hərbi ekspert Üzeyir Cəfərov isə TNS-ə təhsil alan gənclərin hərbi xidmət müddətinin azaldılmasının tərəfdarı olduğunu deyib: “Əgər gənclər həqiqətən də elm və təhsil yolunu seçiblərsə, dövlət onlara şərait yaratmalıdır ki, təhsillərini davam etdirsinlər. Təəssüf ki, bizim bəzi qanunverici orqanların təmsilçiləri, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları fərqli mövqe nümayiş etdirirlər. Magistr təhslili alanlara imkan yaratmaq lazımdır ki, sonrakı dövrlərdə elmi dərəcələrə mükəmməl yiyələnə bilsinlər. Bakalavr və magistr təhsili alanlara xüsusi diqqət olmalıdır”.
Ekspert bildirib ki, hərbi hissələrdə bu cür gənclərin aldıqları bilik və bacarıqları qoruyub saxlaması, ən azından təkmilləşdirməsi üçün şərait yaradılmalıdır: “Hərbi sahə elə bir xüsusi sahədir ki, orada olan insan bilik və bacarığını qoruyub saxlamaq gücündə deyil. Hər dəqiqəsi günün rejiminə uyğun bölünür. Gənc orda elmlə məşğul ola bilmir. Ona görə də magistr təhsilini bitirənlərə şərait yaratmaq lazımdır ki, heç olmas, 28 yaşına qədər məşğul olsunlar. Ondan sonra isə qısa müddətdə elmentar hərbi bilikləri əldə etmələrinə imkan yaradılmalıdır. Azərbaycan dövlətinin, insanının gələcəyi üçün əlaqəli qurumlar bu istiqamətdə üzərlərinə düşən işi həyata keçirməlidir”.
Aygün