Close

21:58
17 Sentyabr 2024

Bu içkilər qadağan olunmalıdır - Zərərdən imtina etmək əvəzinə...

Bəzi içkilərə əhalidə ona qarşı o qədər aludəçilik yaranıb ki, gün ərzində içməsə dayana bilmir. Təəssüf doğuran odur ki, bu vərdiş çox zaman zərərli içkilərə qarşı yaranır.

Marketə daxil olan hər 10 alıcıdan 6-7-si mütləq "Fanta", "Coca-Cola” və ya bu qəbildən olan digər içkilərdən alır. Həkimlər bu içkilərin sağlamlığa zərərli olduğunu vurğulasa da, bu, heç bir fayda vermir. Bəzi ölkələr bu içkilərlə bağlı seçimi istehlakçının ixiyarına vermir.

Mətbuatda yayılan məlumata görə, Fransada mağazalarda artıq adıçəkilən içkilərin üzərində "Fenilalanin qaynağı ehtiva edir" ifadəsinin qeyd olunmadığı içkilər geri çağırılır.

Qeyd edək ki, “fenilalanin” bədən tərəfindən istehsal oluna bilməyən, zülallar, neyrotransmitterlər, hormonlar və molekullar yaratmaq üçün orqanizmə lazım olan amin turşudur və əlavə olaraq qəbul edilə bilər. Beynin daha funksional işləməsində mühüm rol oynayan norepinefrin və dopamin istehsalına kömək edir. Tərkibində fenilalanin olan qidaların həddindən artıq istehlakı zamanı bəzi yan təsirlər və reaksiyalar baş verə bilər.

Ölkəmizdə içkilərin üzərində nəinki ətraflı məlumat yazılmır, yazılsa belə, əksər istehlakçı bu cür vacib məqamları unudur.

Ümumiyyətlə, Azərbaycanda bu içkilərin hansısa formada qadağası, üzərində yetəri qədər məlumat olmadığı üçün satışdan geri yığılması kimi hallar mümkündürmü?

Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov TNS-ə bildirib ki, Azərbaycanda bu qadağanın qoyulması de-yure mümkün olsa da, de-fakto mümkün deyil: “Ölkəmizdə bu içkilərə qadağa nəzəri cəhətdən mümkün olsa da, praktik cəhətdən çətindir. Çünki adını çəkdiyimiz şirkətlər hansı ölkədə mövcuddursa, oranın böyük vergi ödəyicisinə çevrilir. Bu cür şirkətləri ölkədə qadağan etmək çox mürəkkəb bir məsələ olur. Verginin böyük bir faizini onlar ödəyir”.

Birlik sədri bildirib ki, dünyanın istehlakçı hüquqlarını qoruyan və beynəlxalq istehlakçı təşkilatına üzvü olan 130 ölkəsinin qeyri-hökumət təşkilatları, o cümlədən AİB 4 ildən müxtəlif ölkələrində toplanır. Onlar “Coca-cola”, “Fanta” və digər bu qəbildən olan təhlükəli qidaların istehlakçılara çatdırılmasının azladılması, istehlakçıların bunlardan imtina etməsi barədə kampaniyalar keçirirlər.

E.Hüseynov vurğulayıb ki, insanların bu cür içkilərə aludə olması, onlarla bağlı çoxlu reklamların yayılması, hətta idman yarışlarına energetik içkilərin sponsorluq etməsi, tanınmış, titulları olan idmançıların bu təhlükəli içkini reklam etməsi kimi təəssüf doğuran məqamlar var: “İstərdim ki, Azərbaycanda adını çəkdiyimiz içkilər, o cümlədən “Pepsi Cola” qadağan olunsun. Bu içkilərin tərkibində olan maddələr dünyanın ən gözəl ölkəsində yaşayan Azərbaycan istehlakçısını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) orta ömür uzunluğu siyahısında 190 ölkə arasında 115-ci yerə qoyub. Bunun nəticəsidir ki, ölkədə apteklər şəbəkəsi artır, klinikalarda uzun növbələr yaranır”.

Aygün