Close

21:58
17 Sentyabr 2024

Təhsilin ən strateji pilləsi - Bu sahədə olan problemləri necə aşa bilərik?

Uşaqların gələcək həyatında məktəbəqədər təhsil-bağça mərhələsinin önəmi hər zaman vurğulanır. Amma o da məlumdur ki, ölkəmizdə bu sahədə ciddi problemlər var.

Məsələn, ölkə üzrə uşaqların məktəbəqədər təhsil pilləsi ilə əhatəlilik göstəricisi 36-37 faiz təşkil edir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev özü açıqlama verib. O qeyd edib ki, mövcud göstərici dünyanın inkişaf etmiş ölkələrindən əsaslı şəkildə geri qalır.

Nazir bu sahədə vəziyyətin düzəlməyə doğru yol aldığını da vurğulayıb: “2013-cü ildə bağça yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəliliyi cəmi 16 faiz olub. Hazırda 36 faizlik əhatəliliyə çatmışıq. 5 yaşlı uşaqların məktəbəqədər hazırlığa bir illik cəlbi prossesində nəticə 90 faizə yaxınlaşır. Bu, iki il olsa, daha yaxşı olardı, amma heç olmasa, bir il olması da müsbət haldır”.

O da məlumdur ki, ölkədə dövlət bağçalarının sayı az olduğu qədər, əhalidə onların verdiyi xidmətə yanaşma da birmənalı deyil. Özəl bağçalarda isə qiymətlər kifayətə qədər yüksəkdir. Üstəlik bu cür bağçalarda belə, uşaqlara lazım olan biliklərin verilib-verilmədiyi sualı açıq qalır.

Uşaqların məktəbəqədər təhsilə cəlbi nə üçün bu qədər vacibdir?
Bu sahədə olan baryerləri necə keçə bilərik?

TNS mövzu ilə bağlı sualları təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyevə ünvanlayıb.

Mütəxəssis məktəbəqədər təhsil pilləsinin ən az ibtidai təhsil qədər strateji olduğunu bildirib: “Dünyanın əksər ölkəsində bu pilləyə daha diqqətlə yanaşılır. Hər bir ölkə çalışır ki, uşaqları bu pilləyə cəlb eləsin. Məlumdur ki, təhsilin bu pilləsi bizim öyrəşdiyimiz bağçadır. Bu dövrdə uşaqlar ilkin təməl bilikləri, öz aralarında ünsiyyəti öyrənir, uşaqla müəllim münasibətləri formalaşır və s. Nəzərə alaq ki, şagirdlərdə ümumi biliklərinin formalaşmağa başlaması erkən yaş dövrünə təsadüf edir. Həmin dövrdə biz şagirdlərə nə qədər bilik təqdim etsək, öyrətsək, bu da gələcək üçün daha çox uğurlu ola bilər. Əsasən, 3, 4 və 5 daha çox diqqət yetiriləcək yaşlardır”.

E. Əfəndiyev ölkəmizdə bağça təhsili ilə bağlı müxtəlif sterotiplərin formalaşmasının təəssüf doğurduğunu bildirib: “Təəssüflər olsun ki, ölkəmizdə bəzi valideynlər bağça təhsili istiqamətinə fərqli mövqedən yanaşırlar. Vaxtilə bağçalarda hansı vəziyyətin hökm sürdüyü məlumdur. Tərbiyəçi müəllimlər tərəfindən uşaqlara qarşı şiddət, çalışanların təhsilinin kifayət qədər yüksək olmaması və s. problemlər var idi. Amma müəssisələr Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra bu istiqamətdə də müəyyən nailiyyətlər var. Sənəd qəbulunun elektron qaydada olması, eyni zamanda müəllimlərin işə qəbulunun aparılması, yeni bağçaların istifadəyə verilməsi və s. Amma bu, yenə də ölkə üzrə tam olaraq əhatəliliyin olması demək deyil. Ən çox 36-40 faiz əhatə olunur. İstərdik ki, ölkənin müxtəlif bölgələrində bağçalar fəaliyyət göstərsin. Ən azından 3-5 yaş arası bütün uşaqlar həmin müəssisələrə cəlb olunsunlar”.

Uşaqların evdə və ya özəl bağçalarda məktəbəqədər təhsilə cəlbinə gəlincə, mütəxəssis bildirib ki, özəl xidmətlər dövlət bağçaları qədər effekt verə bilir. O, evdə təhsilin tam effektli olmadığını da vurğulayıb: “Uşaq ev mühitində olur. Bu zaman asossiallıq, ünsiyyət və kommunikasiyaların qurulması problemi ortaya çıxır. Uşaqla qarşı tərəfin düzgün rabitəsinin qurulması, ümumi vəziyyətə uyğunluğu və s. vacib şərtlərdir. Ona görə də valideynlər uşaqların məktəbəqədər təhsli pilləsində təhsil almasına çalışmalıdır. Sonrakı gedişatda-daha yuxarı yaşda isə məktəbəhazırlıq vacibdir. Bu sahədə əhatəliliyin artırılması üçün dediyim kimi, həm də əvvəlki dövrdə formalaşan sterotiplər məhv olunmalıdır. Bağçaya, bu təhsil pilləsinə inam formalaşmalıdır”.

Aygün