Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

“Vağzalı” sədaları altında evlənirlər - Ən vacib olanı etmədikləri üçün həyatları kabusa dönür...

Azərbaycanda rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı 1990-cı illərlə müqayisədə azalmaq əvəzinə, dəfələrlə artıb.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda 1990-cı ildə rəsmi nikahda olmayanlar tərəfindən doğulanların sayı 4800, 1995-ci ildə 8376, 2005-ci ildə 26050 nəfər kimi qeyd olunub. Son illərdə rəqəmlərdə azalma olsa da, 30 il əvvəlki ilə müqayisədə yenə də yüksəkdir. 

Məsələn, ötən il rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı 15562 nəfər olub. Bu uşaqlardan 6019 şəhər, 9603-ü isə kənd yerlərində dünyaya gəlib.

Bəzən elə başa düşülür ki, qeyri-rəsmi nikahdan doğulan körpələrin çoxu yaş 18-ə çatmayan analar tərəfindən dünyaya gətirilir. Amma mövcud reallıq fərqlidir.

Belə ki, ötən il 15562 körpədən cəmi 1742 uşağın anası 18 yaşına çatmayan qadınlar olub.

Maraqlıdır ki, insanlar hansı səbəblərdən nikahlarını rəsmiləşdirmir?

Rəsmi nikahda olmayan ailələrdə dünyaya gələn körpələrlə bağlı hansı problemlər ortaya çıxır?

Mövzu ilə bağlı TNS-in suallarını cavablandıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova bildirib ki, rəsmi nikahı olmayan ailələr heç də valideynlərdən icazəsiz qurulmur: “Valideynlər övladlarının evlənməsinə xeyir-dua verirlər. Onların icazəsi ilə vağzalı sədaları altında toy edirlər, amma nikahı rəsmiləşdirmirlər. Düzdür, bu halların müxtəlif səbəbləri ola bilir. Gənclər arasında qeyri-rəsmi nikahda yaşayanlar da olur. Bəlkə də bu hallar ailə məsuliyyətindən çəkinməkdən irəli gəlir. Amma bu cür faktlar ölkəmizdə nadir hallarda olur. Çünki bizim ailə dəyərlərimizə əsasən, nikah rəsmiləşdirilməlidir və uşaq dünyaya rəsmi qeydiyyatda olan nikahdan dünyaya gəlməlidir”.

Şöbə müdiri bildirib ki, bəzi ailələr qurulur, nikah rəsmiləşdirilmədən kişilər başqa ölkəyə işləməyə gedir: “Atalar nikahlarını rəsmiləşdirmədən gedirlər və uşaq dünyaya gəlir. Belə hallar da olur ki, sonradan həmin atalar övladlarına atalıq vermək istəmirlər. Nəticədə ortaya çox ciddi problemlər çıxır. Bəzən bir dəfə görüşmək də uşağın dünyaya gəlməsi ilə nəticələnir. “Gördüm, sevdim, uşaq dünyaya gətirdim və atasız böyütdüm”, -yanaşması da məsuliyyətsiz yanaşmadır. Ani hisslərin nəticəsində böyük problemlərlə üzləşən gənclərimiz var.

Dediyim kimi, övladına atalıq verməyən valideynlər olur. Bunun üçün qadınlar məhkəməyə müraciət edirlər. Bəziləri uşaqlarının şəhadətnaməsini ala bilmir. Ata başqa ölkədə olur. Ana qalır çarəsiz vəziyyətə düşür, uşaq da ortada qalır. Belə ailələrdə doğulan uşaqlar məktəbə gedəndə çox böyük problemlər ortaya çıxır”.

Şöbə müdiri vurğulayıb ki, ailə qurarkən, rəsmi nikaha daxil olmayanlar tibbi müayinədən kənarda qalırlar. Nəticədə valideynlər xəstə uşaqların dünyaya gəlmə ehtimalı ilə bağlı məlumatsız qalırlar: “Ailədə xüsusi qayğıya ehtiyacı olan uşaq doğulanda çox zaman həmin ailənin psixoloji durumu korlanır.  Kişilər psixoloji cəhətdən qadınlardan daha zəif olduğu üçün bu hallar ailələrin dağılmasına qədər gedib çıxır. Analar xüsusi qayğıya ehtiyacı olan uşaqlarla tək qalır.

Bundan başqa, rəsmi nikaha daxil olmayan atalar ailmentdən də yayınmağa çalışır. Hazırda bu problem də çox ciddidir. Bizə edilən müraciətlərin əksəriyyəti nikah pozulduqdan sonra alimentin ödənilməməsi ilə bağlı olur. Bəzən də rəsmi nikahda olmamağından istifadə edib alimentdən yayınmağa çalışırlar”.

Şöbə müdiri qeyd edib ki, bu barədə çox danışılır, yazılır, amma yenə də nəticə çıxarmayan insanlar olur: “Komitə olaraq, bu vəziyyəti insanlara neçə çatdırmağın müxtəlif yollarını axtarırıq. Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı azalmalıdır və bu istiqamətdə hər birimiz çalışmalıyıq. Biz gənclərlə, valideynlərlə olan görüşlərimizdə rəsmi nikahın vacibliyi ilə bağlı maarifləndirmə aparırıq. Bu baxımdan, insanların məsuliyyət hissinin artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin keçirilməsinə böyük ehtiyac var. Tədbirləri keçirilir. Amma Azərbaycanda milyonlarla insan var və hər insan eyni cür düşünə bilməz. Ona görə də insanların düşüncəsinə təsir edən maarifləndirmə layihələrinin keçirilməsinə ehtiyac var. Məqsədimiz odur ki, ailələrdə doğulan uşaqlar gözünü açanda bilsin ki, onun atası ilə anası vahid ailənin üzvüdür.

Yeri gəlmişkən qeyd edim ki, sentyabrın 26-da Komitə tərəfindən “Gənc ailə” forumu keçiriləcək. Forumda bu cür problemlərin müzakirəsi aparılacaq”.

Aygün