Polis onları yüksək məbləğdə cərimələməlidir - Ancaq yerə hər tullantı atanı...
Əlindəki zibili yolda, dayanacaqda hara gəldi, atan insanlarla tez-tez rastlaşırıq. Avtomobilin pəncərəsindən zibili yola tullayanlar da az deyil. Bəziləri dayancaqda avtobus gözləyən zaman yedikləri konfetin, dondurmanın kağızını, meyvənin qabığını oturacağın bir küncünə, yola tullayırlar. Tullantını cəmi iki-üç metr uzaqda olan zibil qutusuna atmaq ağıllarına gəlmir. Kənardan vəziyyəti müşahidə edənlər mənzərədən təəsüflənsə də, əksəriyyət irad bildirməyə çəkinir. Çünki əlindəki zibili yerə atan bir insanın irad qarşısında hansı reaksiyanı verəcəyini təxmin etmək çətindir.
Son zamanlar ətrafa zibil atanların polis tərəfindən məsuliyyətə cəlb olunması ilə bağlı xəbərlər çoxalıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib ki, son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 8 ayı ərzində paytaxt ərazisində belə inzibati xətaya yol verdiklərinə görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub: “Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər”.
Xatırladaq ki, iyulun 11-dən ölkə üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təçkilatçılığı, bir çox qurumun iştirakı ilə “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu keçirilir. Sentyabrda keçirilən hələlik sonuncu aksiya ilə bağlı məlumatda bildirilib ki, Xəzər dənizinin Sumqayıt sahilində, Viləşçayın Yardımlı, Bolqarçayın Biləsuvar, Türyançayın Ağdaş, Coğaz çayının Qazax, Qusarçayın Qusar rayonlarından keçən hissələrində, Şamaxı rayonu Çuxuryurd kəndində, Şəki şəhəri S.Mümtaz küçəsinin yaxınlığında, Göygöl rayonu Hacıkənd-Toğanalı avtomobil yolunun sağ hissəsində, Bərdə rayonu meşə ərazisində, Laçın rayonu Bozlu kəndində yerləşən şəlalənin ətrafında və Zabux çayının sahilində təmizlik aksiyaları baş tutub.
ETSN-nin yerli qurumlarının əməkdaşlarının, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 4.3 tondan çox tullantı yığılaraq ərazilərdən daşınıb.
Maraqlıdır ki, insanlar bu qədər tullantını hansı səbəbdən ətrafa atır?
Ümumiyyətlə, zibil atanların cərimlənməsi problemi həll edəcəkmi, yaxud daha hansı üsullarla bu problemi azaltmaq olar? Küçələrdə təmizliyə nəzarət edən polisə ehtiyac varmı?
Mövzu ilə bağlı TNS-ə danışan ekoloq, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli ətrafa zibil atanların cərimlənməsini normal hal adlandırsa da, hər əlindən yerə zibil salanın cərimələnməsini doğru hesab etmir: “Hər atılan zibilə, yaxud da “küçəyə zibil atdı”, - deyə adamı cərimələməzlər. Tək cərimə ilə iş düzəlmir. Biz, hətta təsadüfən əlindən bir şey düşsə, həmin dəqiqə onu cərimələyib, cəza tətbiq etməyə hazırıq. Zibili yerə atmamaq bir mədəniyyətdir. Ona görə də ilk növbədə mədəniyyət formalaşdırmaq lazımdır ki, insanlar əllərindəki zibili yerə atmasınlar. Çəkdikləri siqaret kötüyünü avtomobilin pəncərəsindən çölə tullamasınlar. Onların bu hərəkəti tək ətrafı çirkləndirmir. Bəzən çöllərdə və meşələrdə yanğına səbəb olur”.
Ekoloqun sözlərinə görə, küçələrdə təmizlik polisinin dayanması yollarda onsuz da çox olan polis sayını daha da artırar: “Dediyim kimi, əsas mədəniyyəti formalaşdırmaq lazımdır. Uşaq bağçalarında, məktəblərdə bu mövzu təbliğ olunmalı, dərsliklərə salınmalıdır. Müəllim yetişdirən təhsil ocaqları tələbələrdə bu mədəniyyəti formalaşdırmalıdır ki, onlar da şagirdlərə öyrətsinlər.
Şüarçılıqla, aksiya şəklində keçirilən tədbirlərin tərəfdarı deyiləm. Nazirlik belə tədbirlər keçirməli deyil. Nazirliyin dəstəyi ilə belə tədbirləri Qeyri-Hökumət Təşkilatları keçirə bilər. Mən özüm hər səhər dəniz kənarında zibil yığanlardanam. Mənə baxan onlarla insan da bunu təkrarlayır. Ailə üzvlərim də küçədə gördükləri zibili götürüb qutuya atırlar”.
Ekoloq bildirib ki, ətrafa yetəri qədər zibil qutuları qoyulmalıdır, insanlar arasında maarifləndirmə aparılmalıdr: “Radio, televiziya və interenet vasitəsilə bu məsələlər reklam olunmalıdır. Televizyalarda titr şəklində bu barədə məlumat verilməlidir. Reklamı həddən artıq bahalaşdırıblar. Bu kimi məqamların pulsuz reklamı aparılsa, yaxşı olar”.
Sədr qeyd edib ki, tullantını təkcə adi vətəndaşlar atmırlar: “Tullantı daha çox böyük müəssisələrdə, fabriklərdə olur. Zibil toplama yerləri düzgün qurulmur. Kanalizasiyaların, çirkabın dənizə axıdılması problemi var. Ümumiyyətlə, dünya okeanında milyonlara ton zibil var. Buna görə kimisə cərimələyirlər? Okeanlarda, Xəzər dənizində milyonlarla canlı məhv olur. Buna görə kimsə məsuliyyət daşıyırmı? Əlbəttə ki, yox. Ona görə də bir vətəndaşın bir dəfə atdığı tullantıya görə cərimələnməsi doğru deyil. Təbii ki, əgər bu hallar təkrarlanarsa, cərimə olmalıdır. Bu gün texnologiya əsridir, bunun köməyi ilə təkrar tullantı atanların kimliyini müəyyən etmək, yüksək məbləğdə cərimələmək olar. İnsanlar ən azından küçəni süpürən qadınların əməyinə hörmət etməlidir”.
Aygün