Sürücülük vəsiqəsi imtahanlarını DİM keçirə bilərmi?

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib.
Qeydiyyatdan keçən 1434 namizəddən 1394 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
Məlumdur ki, ölkədə sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların DİM tərəfindən keçirilməsi məsələsi də zaman-zaman irəli sürülür. Ümumiyyətlə, bu imtahanların DİM-ə verilməsi nə dərəcədə effektiv ola bilər?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov TNS-ə açıqlamasında bildirib ki, sürücülük vəsiqəsinin verilməsi ilə bağlı imtahanların Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilməsi daha məqsədəuyğundur: “Sürücülük vəsiqəsi imtahanları ilə bağlı vacib baza, resurslar Baş Dövlət Yol Polisində toplanıb və imtahanların orada keçirilməsi daha uyğundur. Çünki orada həm nəzəri, həm də praktiki imtahanlar verilir".
O qeyd edib ki, bir ekspert kimi, bu imtahanların DİM-ə keçirilməsinin tərəfdarı deyil:"Çünki DİM-də imtahanların keçirilməsi üçün baza mövcud deyil”.
Aygün