Close

Peşə məktəblərində boş qalan yerlərə müəllim qəbulu necə həyata keçiriləcək?

2024/2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

Nazirlikdən verilən məlumata görə, test imtahanı mərhələsi nəticəsində ümumilikdə 485 namizəd vakansiya seçiminə buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili müəssisələrində 1200-dən çox vakansiyanın mövcud olduğunu açıqlamışdı.

O bildirmişdi ki, ümumilikdə, 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 82 vakansiyanın elan olunması proqnozlaşdırılır: “Peşə təhsili müəssisələrində çalışan 135 mühəndis-pedaqoji heyət üzvü yeni qaydalara uyğun gəlmir. Buna görə də həmin şəxslərlə başlanmış əmək müqaviləsi uzadılmayacaq. Hazırda ümumilikdə 2598 nəfər peşə təhsili müəssisələrində çalışır. Onlardan 116 nəfər staj tələbi, 19 nəfər isə təhsil tələbi ilə əlaqədar yeni qaydalara uyğun hesab edilməyib".

Ümumilikdə isə peşə məktəblərində müəllim qəbulu ilə bağlı 1275 vakant yer ayrılıb.

Hazırda 485 namizəd vakansiya seçiminə buraxıldığına görə yerdə qalan 790 vakant yerə müəllim seçimi necə həyata keçiriləcək?

Bununla bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən TNS-ə bildirilib ki, qalan boş yerlərə müəllimləri peşə təhsili müəsisəsi özü götürəcək: “Vakant yerlərin tutulması üçün test imtahanından keçid balı 40 idi. Qalan boş yerlərə peşə məktəbləri özləri əvvəlcə 40-ın altında bal yığanlardan, eləcə də Dövlət Məşğulluq Agentliyindən soruşmaqla müəllim qəbulunu həyata keçirəcək”.

Aygün