Close

Bakıdakı mağazalarda Naxçıvan duzu niyə satılmır? - AÇIQLAMA

Artıq xeyli müddətdir ki, paytaxt Bakıda fəaliyyət göstərən bir çox iri marketlərdə Naxçıvan duzu yoxdur. Marketlərdə apardığımız kiçik bir sorğudan sonra məlum oldu ki, artıq 10 gündən çoxdur, mağazalara Naxçıvan duzu gəlmir.  

Qaya duzu kimi istehlakçıların üstünlük verdiyi məhsul olan Naxçıvan duzu hansı səbəblərdən marketlərdə tapılmır?

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində duz istehsalı ilə bağlı texniki problem yaranıb: “Duz istehsalında  texniki problem yaşandığından ixrac dayanıb. Problemin tezliklə həll olunmasına çalışılır”.

Qeyd edək ki, mağazalarda  I növ Naxçıvan duzunun 1kq-ı 1 manat 75 qəpiyə, II növ duzun 1 kiloqramı isə 1 manat 60 qəpiyə satılır. Bu qiymətlərdən daha ucuz və baha qiymətə satılanlar da var.