Himalay duzu - Qida məhsulu, yoxsa dərman?

Təxminən 250 milyon il əvvəl yarandığı ehtimal edilən Himalay duzu dünyanın ən əsas kristal duzudur. Təbii, saf olan Himalay duzunun tərkibi digər xörək duzlarından fərqli olaraq insan orqanizmi üçün faydalı olan yod, mis, ftor, kalsium, maqnezium daxil olmaqla 90-a yaxın mikroelement və mineralla zəngindir. Himalay duzu Pakistanda Xevra mədənində əldə edilir. Xevra dünyada ikinci ən böyük duz mədənidir.
Bu duzla bağlı bu məlumatlar müxtəlif resurslarda, sosial şəbəkələrdə kifayət qədər çoxdur.
Himalay duzunun faydaları:
Yüksək təzyiqi normallaşdırır;
Böyrək daşlarının əriməsinə kömək edir;
Ürək ritmini tənzimləyir və ürək damar xəstəliklərinə qarşı faydalıdır;
Xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və müalicəsində istifadə olunur;
Vücudun Ph tarazlığını qoruyur, xroniki yorğunluq, baş və boğaz ağrısına qarşı faydalıdır;
Həmçinin nəfəs yolu xəstəlikləri, şəkər, astma, allergiya, bronxit, ağ ciyər iltihabı, larengit, farengit, pnevmaniya, qrip, soyuqdəymə, öskürək və dəri xəstəliklərinə qarşı olduqca faydalıdır.
Qeyd edək ki, Himalay duzunun satış qiyməti digər duzlarla müqayisədə yüksəkdir. Marketlərdə duzun 800 qramı 4 manata satılır. Bu duzun çəhrayı forması da var.
Məlumdur ki, həkimlər bir sıra xəstəliklərdə duzdan çox istifadə etməyi tövsiyə etmir. Məşhur türk kardioloq Canan Karatay isə əksinə, insanların kifayət qədər duz qəbul etməsini vacib hesab edir. Onun fikrincə, orqanizmdə duz çatışmazlığı olarsa, bir çox sağlamlıq problemi yarana bilər. O, qaya duzunu ən sağlam duz hesab edir və məsləhət görür.
Amma burada vacib məqam odur ki, insanlar duzdan istifadə etməklə xəstəliklərdən xilas ola bilərmi?
Digər tərəfdən, Himalay duzunun, deyildiyi kimi, faydaları varmı?
Qida mütəxəssisi Ağa Salamov TNS-ə açıqlamasında bildirib ki, qaya duzlarının tərkibində olan 86 növ mineral insan orqanzimi üçün çox faydalıdır: “Xüsusilə, yay aylarında insanlar həddən artıq mineral itkisi ilə üzləşir. Yeməklərdə, müxtəlif menyularda Himalay duzundan istifadə oluna bilər. Amma bizim öz milli sərvətimiz olan Naxçıvan duzu var ki, qaya duzu kimi ondan da istifadə etmək olar”.
Mütəxəssis bildirib ki, emal prosesindən keçən duzlar çox vaxt müəyyən kimyəvi qatqılarla üzləşir.
Belə ki, duzun ağardılması, axarlılığının saxlanılması, vitrində qalanda nəm çəkməməsi üçün qatqı maddələri vurulur. Amma qaya duzlarında bu problemlər olmur”.
Himalay duzu müalicə məqədilə istifadə oluna bilərmi?
Terapevt Adil Nuriyev TNS-ə açıqlamasında bildirib ki, o, xəstələrin müalicəsində ancaq klassik tibbə üstünlük verir: “Müalicə prosesində bioloji fəallığa malik qida əlavələrindən, ənənəvi tibbə daxil olmayan hansısa duzlardan və s. istifadə etmirəm”.
Həkim-allerqoloq Şahvələd Məmmədov isə bildirib ki, yaşla əlaqədar orqanizmdə metabolik pozuntular, maddələr mübadiləsinin pozğunluğu, təzyiq, ürəyin işemik xəstəlikləri o qədər geniş yayılır ki, duzun qəbulunu məhdudlaşdırırlar: “Ancaq konkret olaraq Himalay duzunun təsirləri ilə bağlı elə bir məlumatım yoxdur”.
Qeyd edək ki, sual ünvanladığımız həkimlərin əksəriyyəti bu duzla bağlı məlumatlı olmadıqlarını bildiriblər.
Aygün