Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Zərərsiz gördüyümüz həşəratlar bizi öldürə bilər – Vaxtında zərdab vurulmalıdır

İlin isti aylarında insanlar açıq havada daha çox vaxt keçirir. Bu ayların da özünəməxsus problemləri var. Mütəxəssislər bildirir ki, isti aylarda parkda, meşədə və ya bağçada olarkən həşəratlara qarşı diqqətli olmaq lazımdır. Çünki bəzən sadə bir ağcaqanad və ya həşərat dişləməsi allergik reaksiyalardan tutmuş yoluxucu xəstəliklərə qədər ciddi problemlər yarada bilər.

Bəs, həşərat sancması zamanı nə etmək lazımdır? Hansı həşəratlara daha çox diqqət yetirilməlidir? Hansı mərhələdə həkimə müraciət edilməlidir?

Mövzu ilə bağlı TNS-in suallarını professor, Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov cavablandırıb.

Mütəxəssis bildirib ki, yay aylarında, əsasən, apreldən başlayaraq ilan sancmaları ilə bağlı təhlükə başlayır: “May və iyun aylarında insanlar üçün daha çox əqrəb, əsasən qara əqrəb, bundan başqa, qara qurd deyilən həşərat təhlükə yaradır. Qara qurd əvvəllər olmayıb, təxminən 8-10 il əvvəl meyvələrin üstündə Orta Asiyadan bizə gəlib və kəndlərdə yayılıb. İndi də inkişaf edir. Davamlı şəkildə hər il qara qurd dişləməsi ilə bağlı 30-40 hadisə baş verir. Qara qurd balaca bir böcək olsa da, dişləməsi ölümlə nəticələnə bilər”.

Həkim həşərat sancması zamanı yaranan kliniki mənzərəni belə izah edib: “Qan təzyiqi enir, xəstədə ölüm qorxusu əmələ gəlir, ürək döyüntüsü olur, nəfəs mərkəzi bloka düşür, paralizə olur. Vaxtında həkimə çatdırılmasa, zərdab vurulmasa, xəstənin aqibəti yaxşı olmur. Qara əqrəb sancması zamanı da vaxtında həkimə çatdırılmasa, toksikoloji müayinə aparılmasa, xoşagəlməz nəticə verir. Ölüm faizi o qədər yüksək olmasa da, fəsadları çoxdur. Uzun müddət xəstəxanada qalmasına ehtiyac yaranır. Xəstə bir müddət hərəkət edə bilmir, fəsadlaşma qalır. Ona görə də belə hadisələr olduqda xəstə mütləq xəstəxanaya çatdırılmalıdır və həkimin nəzarəti olmalıdır. Müayinə olunmalı və zərdab vurulmalıdır. Davamlı müalicə olunmalıdır. Ondan sonra da profilaktik baxışlar keçirilir.

Əsasən, qara qurd dişləməsi vaxtında çatdırılmasa, fəsadlaşma baş verir və dediyim kimi, həyat üçün təhlükə yarana bilir”.

Aygün