Close

Məişət zorakılığından zərər çəkənlərə bu yardımlar ediləcək - Şərtlər nələrdir?

“Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” Nazirlər Kabineti tərəfindən bir neçə gün əvvəl təsdiqlənib.

Zorakılığa məruz qalan şəxslərin dövlət hesabına hüquqi yardımla təmininin hansı formada həyata keçiriləcəyi ilə bağlı TNS-in suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Abbaslı-Əsgərli cavablandırıb.

Komitə rəsmisi bildirib ki, qaydaya əsasən dövlət vəsaiti hesabına hüquqi yardım dedikdə məişət zorakılığından zərər çəkmiş şəxsə onun tərəfindən əvəzi ödənilmədən göstərilən hüquqi xidmət nəzərdə tutulur: “Qaydaya hüquqi yardımın növləri və formaları, göstərilməsi şərtləri, bununla bağlı məlumatlandırma və maliyyələşdirilməsi mənbələri ilə bağlı müddəlar daxil edilib.

Sənəddə dövlət yardım mərkəzləri və müvafiq ərazi üzrə yerləşən vəkil qurumlarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər dövlət vəsaiti hesabına hüquqi yardım göstərən subyektlər kimi müəyyənləşib”.

Hüquqi yardımın hansı növ və formaları nəzərdə tutulur?

Müsahibimiz bildirib ki, qaydaya əsasən, hüquqi yardımın 4 növü nəzərdə tutulub: “Bunlar sənədlərin əldə edilməsinə kömək göstərilməsi, zərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi, zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsindən ibarətdir.

Hüquqi yardımın formalarına gəldikdə isə bunlar dövlət yardım mərkəzləri tərəfindən göstərilən sosial hüquqi xidmət və dövlət vəsaiti hesabına vəkil tərəfindən göstərilən hüquqi xidmət formalarından ibarətdir” .

Hüquqi yardım üçün hansı qurumlara müraciət oluna bilər?

Xəyalə Abbaslı-Əsgərli məişət zorakılığına məruz qalan şəxslərin hüquqi yardım almaq üçün hansı orqanlara müraciət edəcəyini açıqlayıb: “Dövlət vəsaiti hesabına hüquqi yardım almaq istəyən şəxslər cinayət işləri üzrə icraat zamanı cinayət prosesini həyata keçirən orqana, mülki, inzibati mübahisələrə dair və ya inzibati xətalara dair işlər üzrə vəkilə və ya məhkəməyə, zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi istisna olmaqla, digər yardım növləri üzrə sosial hüquqi xidmət göstərilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumuna, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin müvafiq “DOST” mərkəzinə və ya Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət edilə bilər. Məhz bu halda hüquqi yardımın vəkil tərəfindən göstərilməsi Vəkillər Kollegiyasının qərarı əsasında həyata keçiriləcək”.

Hüquqi yardımın göstərilməsi üçün hansı şərtlər var?

O bildirib ki, hüquqi yardım göstərilməsi üçün vacib olan sənədlər var: “Məişət zorakılığına məruz qalmış şəxsə verilən qısamüddətli və yaxud uzunmüddətli mühafizə orderi; cinayət prosesini həyata keçirən orqanın şəxsin məişət zorakılığı ilə bağlı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması barədə qərarı; məişət zorakılığı ilə bağlı şikayət üzrə zərər çəkmiş şəxslə bağlı yerli icra hakimiyyəti orqanının qərarı; məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin arayışı; məişət zorakılığı ilə bağlı məlumat bankının məlumatı vacib sənədlərdir.

Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda nəzərdə tutulmuş sənədlər təqdim edilmədən, zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin müraciəti əsasında hüquqi yardım göstərən subyektlər tərəfindən həyata keçirilir.

Hüquqi yardım göstərilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması hüquqi yardım göstərən subyektlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək”.

Aygün