Close

Duzumuzun dadı qaçıb – Bu məhsulların hətta heyvanlara verilməsi qadağandır

“İstifadə etdiyimiz duzun dadı yoxdur, rəngi qaradır. Duzdan qəribə tam gəlir və ya acı dadır”.

Bunlar istifadəçilərin duzla bağlı şikayətləridir. Satışda kifayət qədər çox ad altında, fərqli qiymətlərdə duz var.

Nə üçün duzumuzun dadı-duzu yoxdur? Duzla bağlı problemlərin qaynağında nə dayanır?

Mövzu ilə bağlı TNS-ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə xörək duzu ilə bağlı böyük problemlərin olduğunu deyib: “Hələ 2001-ci ildə xarici həkimlər Azərbaycanda tədqiqat apardılar və məlum oldu ki, əhalinin 75 faizi yod çatışmazlığından əziyyət çəkir. Bu, çox ciddi problemdir. İmmunitetin aşağı düşməsi, ölü uşaqların doğulması, qısaboyluluq və s. problemlər yaradır. Həmin il ölkədə yod çatışmazlığı probleminin kütləvi profilaktikası məqsədilə "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olundu.

Bu qanuna görə ölkədə yodsuz duzun istehsalı, satılması, hətta heyvanlara yem kimi verilməsi qadağan olundu.

Amma hazırda Azərbaycanda qanuna zidd olaraq, təxminən 10-15 faizə qədər yodlaşdırılmamış duz satılır. Üzərinə bəzən dəniz duzu, Altay duzu və s. yazılır. İstehsalçı yodlaşdırılmış duz olduğunu heç özü də yazmır. Bu, qanuna ziddir”.

Ölkədə duz bazarının həddən artıq çirklənmiş vəziyyətdə olduğunu vurğulayan AİB sədri Masazırdakı duz gölü problemini xatırladıb: “Azərbaycanda 20-dək duz gölü var. Masazır duz gölü o zaman təhlükəli, təmizlənməmiş duzun yığılıb satılması üçün bir mənbə idi.

AİB dövlət qarşısında məsələ qaldırdı ki, Masazır duz gölü ya su, ya torpaqla doldurulmalı, ya da istismar olunmalıdır. Nəhayət, Masazır duz gölü istismar olundu. Regionun ən müasir zavodu tikildi. Həmin duztəmizləmə zavodu hazırda bir neçə ölkəyə duz ixrac edir. Regionda həm də ekstra duz istehsal edən yeganə zavoddur. Onu da vurğulayım ki, ekstra ən təmiz duzdur. Ondan istifadə etmək zərərli deyil.

Təəssüf ki, “Azərsun”nun baha qiymətə tikdiyi zavod olduğu halda, onlar bazarı qorumaq üçün heç bir iş aparmırlar. Sanki hamı əl-ələ verib bazarın çirklənməsinə kömək edir. Qida Təhlükəsizliyi Agentliyi də bu məsələləri diqqətdən kənarda saxlayır”.

AİB sədri bildirib ki, Sovet vaxtından insanlarımızın Ukraynanın daş duzunu istifadə etməyə meyli olub. Onun sözlərinə görə, hazırda Azərbaycanda Ukrayna duzu adı altında bu ölkəyə aidiyyatı olmayan duz satılır: “Bir neçə ildir ki, Ukraynadan Azərbaycana duz gəlmir, əksinə bizdən oraya duz ixrac edilir.

Amma Azərbaycanda Ukrayna duzu adı altında (qablaşdırmasının üzərində Ukrayna dilində yazıları olan) duz satılır. Bunlar naməlum mənbədən yığılan duzlardır”.

Naxçıvanın qaya duzuna gəlincə, Eyyub Hüseynov bu duzun tövsiyə olunmadığını bildirib: “Bu duz qaya ovuntularıdır. Təmiz daş duz olmadığı üçün istifadəsi arzuolunmazdır. Təəssüf ki, bu duz tender yolu ilə alınır və çox zaman əhəmiyyətli müəssisələrə də verilir.

AİB buna qarşı çıxır. Çünki Naxçıvan duzu daşlardan təmizlənmir. Əgər ondan kimsə istifadə etmək istəsə, gərək çökdürsün, suyundan istifadə etsin. Birbaşa yeməyə səpmək məsləhət görülmür”.

Eyyub Hüseynovun sözlərinə görə, əhalinin daş və dəniz duzu anlayışında ciddi səhv var: “Daş duzlar 65 min il ərzində yetişir, ağ duz əmələ gəlir. Lakin dəniz duzları mikroelementlərlə daha çox zəngin olur.

Bu gün Azərbaycan əmtəə bazarında bir kiloqramı 20 manata da, 40 qəpiyə də olan duz var. Əhali bunun – natrium xloridin fərqini soruşur. Əslində, heç bir fərqi yoxdur. Bu, istehlakçıları aldatmaqdır”.

AİB sədri deyib ki, Salyan, Qaradağ, Şəki zonasındakı duz gölləriindən çıxarılan duz da əhaliyə verilir ki, bu, əhalinin sağlamlığında mənfi izlərini qoyur.

Bundan başqa, ölkəyə İrandan külli miqdarda duz gətirildiyini deyən müsahibimiz bu duzların da yodlaşdırılmasını zəruri hesab edir: “Bəzən İrandan gətirilən məhsul Azərbaycan duzu adı ilə satılır ki, bu da istehlakçıların aldadılmasıdır. Bizim ofisdə xeyli duz nümunələri var. Yaxın zamanda bu problemlərin araşdırılmasına başlayacağıq”.

 Aygün İbrahimli