Close

Alkoqolizmlə bağlı son vəziyyət – Azərbaycanda spirtli içkilərə nə qədər pul xərclənir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada spirt istehlakı ilə bağlı hesabat dərc edib. Hesabata görə, Avropada hər il təxminən 800 min insanın ölümünə səbəb olan spirt istehlakı ən böyük ölüm səbəblərindən biridir.

Avropada hər gün 2200 insan alkoqolla əlaqəli səbəblərdən ölür ki, bu da regiondakı ümumi ölümlərin təxminən 9 faizini təşkil edir.

Alkoqol istehlakının məişət zorakılığı, qəzalar və psixi sağlamlıq problemləri də daxil olmaqla bir çox mənfi təsiri var. Buna baxmayaraq, bir çox insan spirt istehlakının zərərlərini bilmir.

Sağlamlıq risklərinə baxmayaraq, avropalılar ildə orta hesabla adambaşına 9,2 litr alkoqol istehlakına görə dünyada liderlik edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, kişilər qadınlardan təxminən 4 dəfə çox içirlər. Avropada hər 3 böyükdən 2-si spirtli içki qəbul edir, hər 10 böyükdən biri alkoqolik hesab olunur.

Həkimlərin fikrincə, spirtli içkilərdən istifadə ürək-damar xəstəliklərinə, xərçəngə və qaraciyər sirrozuna səbəb olur. Bununla belə, Avropa İttifaqı (Aİ) ölkələrində 10 ildən artıqdır ki, spirt istehlakında azalma müşahidə olunmur.

Hesabatda bildirilir ki, ÜST alkoqol istehlakının azaldılması məqsədlərinə Rusiya, Ukrayna və Türkiyə kimi ölkələrin alkoqol vergilərini artırması və əlçatanlığı azaltması sayəsində nail olub.

Qeyd olunub ki, əksər Avropa ölkəsi ÜST-ün alkoqol vergilərinin artırılması, reklamının məhdudlaşdırılması və əlçatanlığının azaldılması kimi tövsiyələrinə əməl etmir.

ÜST 2025-ci ilə qədər Avropada spirt istehlakını məhdudlaşdırmaq üçün tədbirlər görməyə də çağırıb.

Bəs, Azərbaycanda bu sahədə vəziyyət necədir?

İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, bu ilin ilk yarısında ölkədə içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib: “Bu, vətəndaşlarımızın xərclədiyi hər 100 manatdan 5-ni içkilər və tütün məmulatlarının alınmasına yönəltdiyini göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca xərc də çoxalır.

Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır”.

Ölkəmizdə alkoqol istifadəsindən il ərzində nə qədər insanın dünyasını dəyişməsi ilə bağlı statistik rəqəmlər mövcud deyil.

Spirtli içkilərdən istifadə etdiyi üçün xəstələnib qeydiyyata düşənlərin sayında azalma, əksinə narkomanların sayında xeyli artım var.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, alkoqolizm və alkoqol psixozu xəstəliyi ilə bağlı tibb müəssisələrində qeydiyyatda olanların sayı 9 793 nəfər (2022), narkomanların sayı isə 35 097 nəfərdir.

2015-ci ildə qeydiyyatda olan alkoqoliklərin sayı 21 777, narkomanların sayı isə 28 555 nəfər olub.

2000-ci ildə alkoqolizm və alkoqol psixozu ilə bağlı qeydiyyatda olan xəstələrin sayı 19 591, narkomanların sayı 14 010 nəfər təşkil edib. 

2022-ci ildə alkoqolizm və alkoqol psixozu ilə bağlı ilk dəfə qoyulmuş diaqnozla qeydiyyata düşənlərin sayı 682 nəfərdir.

Ümumiyyətlə, ölkədə əhalinin hər 100 000 min nəfərinə düşən alkoliqlərin sayı 96,7 (2022), narkomanların sayı isə 346,6 nəfərdir.

Alkoqolizm və narkomaniyadan əziyyət çəkən insanları müalicə edən mütəxəssilərin sözlərinə görə, bu cür insanlar adətən xəstə olduqlarını qətiyyən qəbul etmirlər. Bu amil qeydiyyat rəqəmlərinə də təsir göstərir.

Aygün