Close

Bu sahədə 1200-dən çox vakansiya var - Peşə təhsilinə hələ də biganəyik...

Peşə təhsili müəssisələrində 1200-dən çox vakansiya mövcuddur. Ümumilikdə, 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 82 vakansiyanın elan olunması proqnozlaşdırılır.

Maraqlıdır ki, bu qədər vakansiya necə ortaya çıxıb? İndiyə kimi bu məktəblərdə müəllim çatışmazlığı yaşanıb?

Ümumiyyətlə, bu gün ölkədə peşə təhsili sahəsinin inkişafı və çatışmazlığı ilə bağlı nələri vurğulamaq olar?

Mövzu ilə bağlı TNS-ə təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi danışıb.

O bildirib ki, ölkədə Peşə Təhsili üzrə Dövlət Agentliyi yarandıqdan sonra bu sahədə müsbətə doğru müəyyən addımlar atılır: “Əvvəlki dövrlə müqayisədə yeni peşə məktəbləri fəaliyyət göstərməyə başlayıb, eyni zamanda əvvəl bu sahədə dərs deyən mütəxəssislər pensiya yaşına çatdığı üçün fəaliyyətlərini dayandırıblar. Nəticədə bu qədər vakant yerlər müəyyənləşib”.

E.Əfəndi vurğulayıb ki, hazırda peşə təhsili sahəsi üzrə yalnız öz təcrübəmizlə kifayətlənmirik: “Qardaş Türkiyə dövlətinin peşə təhsili üzrə təcrübəsi öyrənilir və tətbiqinə çalışılır. Hər iki ölkənin nazirləri arasında bu istiqamətdə danışıqlar, müzakirələr aparılır.

Görünən odur ki, peşə təhsili istiqamətində gələcək illər üçün müsbət məqamlar ortaya çıxacaq. Məsələn, bəzi peşə istiqaməti üzrə təhsilalanlara subbakalvr dərəcəsi verilir. Onlar imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olunmaq imkanı qazanırlar. Həmçinin, bəzi peşə təhsili müəssisələri var ki, yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirir.

Əlbəttə ki, peşə təhsilinin inkişafı ilə bağlı işlər aparılır, amma bizim çatışmazlıqlarımız da var”.

Mütəxəssis bildirib ki, insanlarımızın hələ də peşə təhsilinə biganə yanaşması müşahidə edilir: “Peşə təhsilinə laqeyd münasibət illərlə daşlaşan stereotipdir. Bunları aradan qaldırmaq üçün Agentlik daha çox çalışmalıdır. İnsanlar arasında maarifləndirmə, təbliğat işi gücləndirilməlidir. Peşə təhsilinin üstünlüklərinin nədən ibarət olduğu izah olunmalıdır. Agentlik çalışmalıdır ki, peşə təhsili alanların işlə təmin edilməsində maraqlı olsun. Təhsilalanların əmək fəaliyyətini tənzimləməyi, bir növ, bacarmalıdır. O zaman bu istiqamətdə uğurlar əldə etmək olar”.

Aygün