Close

09:26
08 İyul 2024

Dövlət Komitəsində struktur dəyişiklikləri və kadr təyinatları aparılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qurumun fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq, işin keyfiyyətini yüksəltmək, daha çevik və operativ idarəetməni təmin etmək məqsədilə struktur dəyişiklikləri aparılıb.

Dövlət Komitəsindən TNS-ə verilən xəbərə görə, bu barədə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müvafiq əmr imzalayıb.

Komitədə mövcud ştat vahidləri çərçivəsində Dini məsələlər, Regionlarla iş, Beynəlxalq əməkdaşlıq, Ekspertiza, İnklüziv inkişaf, Media və kommunikasiya, Dövlət qulluğu və insan resursları, Sənədlərlə və müraciətlərlə iş, Maliyyə və təchizat şöbələri, eləcə də iki müşavir vəzifəsi və bir aparat rəhbərinin müavini postu yaradılıb.

Dövlət Komitəsində Daxili nəzarət, Analitik təhlil və proqnozlaşdırma, İnformasiya texnologiyaları, Layihələrin idarə olunması, Hüquq, Vətəndaşların qəbulu və Satınalmalar sektorları fəaliyyət göstərəcək.

Dövlət Komitəsi sədrinin əmri ilə yeni yaradılmış struktura uyğun kadr təyinatı aparılıb. Belə ki, Nəriman Qurbanov aparat rəhbəri, Elşad Miraləm aparat rəhbərinin müavini, Anar Rəhimov Beynəlxalq əməkdaşlıq, Ramin Xudayev Regionlarla iş, Aqşin Əliyev Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri vəzifəsini icra edəcək.

Amil Cavadov sədrin müşaviri, Cahandar Əlifzadə Dini məsələlər, Nahid Məmmədov Ekspertiza, Elnarə Kərimova İnklüziv inkişaf, Yaqut Əliyeva Media və kommunikasiya, Vüqar Səlimov Sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.

Bundan başqa, Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyində də dəyişiklik edilib. Fondun icraçı direktoru vəzifəsinə Vüsal Göyüşov təyin olunub. Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsin direktoru vəzifəsi isə Mehman İsmayılova həvalə olunub.