Close

Xəzərin suyu və qumu həm dərmandır, həm də xəstəlik mənbəyidir

Yay tətili deyiləndə ağla ilk gələn dəniz və hovuzdur. Dəniz suyunun insan orqanizminə faydaları saymaqla bitməz. Xüsusilə, Xəzər dənizinin suyu və qumunun dərman olduğunu irəli sürən həkimlər var.

Həkim Fizuli Hüseynov bildirir ki, insanlarımız Xəzər dənizinin qumunun nə qədər faydaları olduğunu bilsələr, istirahət üçün heç bir ölkəyə üz tutmazlar: “Xəzər dənizinin qumu qızılı-qırmızı kvars qumundan ibarətdir. Yəni Xəzər qumu ilə qonşu Rusiya, Gürcüstan və Türkiyənin dəniz sahillərindəki qumu müqayisə etsək, görərik ki, Xəzər dənizinin sahilindəki qum dənələri çox kiçik ölçüdədir, güclü hiqroskopik xüsusiyyətə, yəni suyu hopdurmaq qabiliyyətinə malikdir. Kvars qumu dəri ilə tam təmasa girir, dərinin bütün səthini örtür, özünün yığdığı Günəş enerjisini çox asanlıqla bədəniin daxilinə ötürür, dərialtı mübadiləni sürətləndirir, kapilyar damarları genişləndirir, bununla da bütün iltihabi xəstəliklərin (revmatizm, artritlər, nevritlər və.s.) sağalmasına səbəb olur, limfa damarındakı durğunluğu, miozitləri (tez-tez qulunc olma) aradan qaldırır, sonra isə özünün hiqroskopik xüsusiyyəti sayəsində bizim bədənimizi tərləməyə məcbur edir. Bədənimizin artıq tullantılarını özünə hopdurur. Bu xüsusiyyətləri Xəzərdən başqa heç bir dənizin qumunda tapmaq mümkün deyil. Xəzər dənizinin qumunu əlinizə alın, islaq vəziyyətdə üzünüzə, qolunuza, ayaqlarınıza çoxlu sürtün, həm dəriniz canlanacaq, həm də hamarlanacaq, yəni təbii şəkildə pillinq olunacaq, bu üsul sellülitin müalicəsi üçün də əla vasitədir. Bu da yalnız Xəzər qumuna aid xüsusiyyətdir”.

İnsanlara səhər saat 12:00-dək və axşam saat 18:00-dan sonra dəniz qırağında gəzməyi tövsiyə edən həkim ən yaxşı qumun ünvanını da açıqlayıb: “Uşaqlarınızı da tez-tez dəniz kənarına aparmağa çalışın. Dəniz qırağının havası ilə şəhərin havası arasında çox fərqlər var. Dəniz havası oksigen, maqnezium, yod, brom, natrium, kalium, kalsium və s. ilə olduqca zəngindir. Dərindən nəfəs alan zaman bunlar bizim ağciyərlərimizə daxil olur, oksidləşmə-reduksiya prosesini sürətləndirir və orqanizmin həyat qabiliyyətini artırır.

Bütün bunlara görə dəniz qırağında adam tez acır. Xəzərin həm havası, həm də qumu D vitamininə olan tələbatı təmin edir ki, bu da raxit xəstəliyinin qarşısını almaq üçün ən yaxşı vasitədir.

Ələt və Pirşağının “Qırmızı kitab”a düşmüş qırmızı kvars qumu sağlamlıq üçün daha faydalıdır”.

Təəssüf ki, sağlamlıq üçün bu qədər faydaları olan Xəzərin bütün sahillərində dənizə girmək məsləhət görülmür.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə bu ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirib.

Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.

Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında keçirilən rekreasiya əhəmiyyətli monitorinqlər zamanı isə dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyənləşib.

2024-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.

Göründüyü kimi, Xəzərin suyu və qumu canlara dərman olduğu kimi, xəstəlik mənbəyi də ola bilər. Amma əhali çox zaman bu məlumatlara əhəmiyyət vermir və istədiyi yerdə dənizə daxil olur.

Mütəxəssislərin fikrincə, istirahət mərkəzlərində əhalinin sayının artması və otellərin intensiv istifadəsi ilə əlaqədar şəxsi gigiyenaya daha çox diqqət yetirilməlidir. İnsanların çox olduğu hovuzlarda konyunktivit, qulaq infeksiyası, hepatit, mədə və bağırsaq infeksiyaları, sidik yolları infeksiyaları və müxtəlif parazitar infeksiyalara yoluxma ehtimalı yaranır. Bunların qarşısını almaq üçün hovuzdan əvvəl və sonra duş alınmalı, cinsiyyət orqanlarının gigiyenasına həmişəkindən daha çox əhəmiyyət verilməlidir.

Mövzu ilə bağlı TNS-ə danışan turizm məsələləri üzrə mütəxəssis Ceyhun Aşurov bildirib ki, çimərliklərin pullu olub-olmamasından asılı olmayaraq, insanlar orada xidmətlərə görə ödəniş edirlər: “Artıq yay mövsümüdür və çimərliklər xalqa açıqdır. Məlum olduğu kimi, bizdə ödənişli və ödənişsiz çimərliklər var. Bəziləri ödənişsiz olsa da, orada yaradılan şəraitə - qoyulan masaya və s. görə 10 manatdan başlayan ödəniş alınır. Amma çimərlikdə əlavə avadanlıqdan istifadə olunmadıqda ödəniş olmur. Otel ərazilərinin bəzilərində isə həftə sonlarında giriş 50-70 manat arasında dəyişir. Bu fərqlər göstərilən xidmətlərə görə yaranır. Adətən əlavə ödəniş tələb olunan yerlərdə həm də hovuzlar, əyləncə üçün akvaparklar da olur. Bu barədə müştərilərə əvvəlcədən məlumat verilir”.

ceyhunasurov

Ekspert bildirib ki, adətən ödənişli çimərlik hövzələri və ödənişli xidmət olan otel əraziləri daha təmiz, çimmək və istirahət üçün daha rahatdır: “Ödənişli ərazilərdə gündəlik olaraq qumsallıq, sahil təmizlənir. Oturmaq və istirahət üçün şərait yaradılır. Bunun da qarşlığında ödəniş tələb olunur.

Adətən həftəsonu və həftəiçi qiymətlərdə fərq olur. Yəni, həftə sonları əhalinin sıxlığını tənzimləmək üçün bu cür qiymət siyasətindən istifadə edilir.

Ümumi götürdükdə bu cür yerlərdə istirahət bir nəfər üçün 10-70 manata başa gəlir”.

Aygün