Close

Sərnişinlər bu marşrut xəttindən narazıdır - Yeni şəbəkənin tətbiqinə başlanılıb

Masazır sakinləri qəsəbəyə işləyən marşrut avtobuslarının vəziyyətindən narazıdır. Qəsəbə sakinlərinin TNS-ə verdiyi məlumata görə, 525 nömrəli marşrut xətti üzrə işləyən avtobuslar köhnə, istifadəyə yararsız haldadır. Həmin avtomobillərdə kondisioner olmadığından isti yay günlərində sərnişinlər üçün bu nəqliyyat vasitələrindən istifadə etmək daha da çətin olur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov TNS-ə verdiyi açıqlamada bildirib ki, Abşeron rayonunun Masazır qəsəbəsi - “Memar Əcəmi” metro stansiyası istiqaməti üzrə hərəkət edən 525 nömrəli marşrut xəttində 17 avtobus 8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir: “Günün pik saatlarında avtobusun keçdiyi küçə və prospektlərdə - Masazır qəsəbəsi, “Şamaxinka” adlanan ərazidə müşahidə edilən sıxlıq səbəbindən marşrut xəttinin hərəkətində ləngimələr yaranır.

Daşıyıcılarla mütəmadi keçirilən görüşlərdə onlar qarşısında gündəlik xəttə çıxan nəqliyyat vasitələrinin sayının sərnişin təlabatına uyğun tənzimlənməsi və hərəkət cədvəlinə ciddi riayət olunması ilə bağlı məsələ qaldırılır”.

Qurum rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb: “Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək. Hədəfdə marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90 faizdən çox artırılması gözlənilir”.

Qeyd edək ki, qəsəbəyə işləyən marşrut xətti “Üç qardaş” MMC-nin istismarındadır. Mövzu ilə bağlı MMC-dən münasibət öyrənmək mümkün olmayıb.

Aygün