Close

Azərbaycanda maarif işığını yandıran böyük vətənpərvər

Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.

O, 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb, Moskva Universitetini bitirib.

İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deyib.

1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyur.

1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir.

1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayır. Qəzetin nəşri 1877-ci il sentyabrın 29-da dayandırılır.

Zərdabinin vətənsevərliyi hələ lap gənc yaşlarından özünü göstərib. Tiflisdə oxuduğu illərdə uğurlu nəticə göstərən Zərdabi 1858-ci ildə l Tiflis məktəbinin 5-ci sinfinə qəbul olur. Həsən bəy Zərdabi 1861-ci ildə həmin məktəbi uğurla bitirir. Həmin ildə dövlət təqaüdü ilə Moskva Üniversitetində Fizika Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsilini davam etdirib. Üniversitetdə oxuduğu illərdə digər tələbələrdən fərqləndiyi, fakültəni əla qiymətlərlə bitirdiyi üçün onu elmi iş üçün üniversitetdə saxlamaq qərarına gəlirlər. Lakin Həsən bəy Zərdabi öz xalqına xidmət etmək üçün Azərbaycana geri qayıdır.

O, üniversitetdə oxuduğu illərdə bir çox elm adamları, tarixçilər ilə tanış olub. Tarixçi Solovyovun evinə tez-tez gedən Zərdabi tarixçinin qızına aşiq olur. İdealist olan Həsən bəy Zərdabi Solovyovun qızı ilə evlənəcəyi təqdirdə öz gələcəyinə yönəlmiş məqsədlərdən əl çəkməli olduğunu bildiyindən üniversitetdə qalmağı üçün ona edilən təklifdən imtina edərək öz vətəninə geri qayıdır və xalqa xidmət etməyə başlayır.

Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyən Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.

Aygün