Close

21:48
28 Sentyabr 2024

İnsanın həyatını qaraldan “ağ ölüm”

26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür.

TNS xatırladır ki, bu gün ictimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən elan olunub.

Narkotik asılılığı nədir?

Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələr narkotikdir. Narkotik "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq, "mania" - cəzb etmə, ağılsızlıq deməkdir. Narkotikdən əvvəlcə tibbdə istifadə olunmağa başlanıb.

Narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir.

Mütəxəssislər bildirir ki, narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar abstinent sindromuna (“lokma”) gətirib çıxardır. “Lomka” fiziki asılılıq sindromunun tərkib hissəsidir. Narkotiklərə alışmış orqanizmin abstinent sindrom zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclü olur ki, bu zaman narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də əl ata bilər.

Qeyd edək ki, ölkədə 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan narkomanların sayı 3689 nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların sayı isə 35097 nəfərdir (2022-ci il üzrə). Həqiqi rəqəmlərin bundan daha çox olduğu ehtimalını da unutmaq olmaz.

2021-ci ildə açıqlanan Dünya Narkotik Hesabatına görə, 2019-cu ildə 15-64 yaş qrupunda təxminən 275 milyon insan, yəni hər 18 nəfərdən 1-i ən azı bir dəfə narkotik istifadə edib. Bu rəqəm 15-64 yaş arası dünya əhalisinin 5,5 faizini təşkil edir.

Son 10 ildə narkotikdən istifadə nəticəsində ölüm halları iki dəfə artıb. 2019-cu ildə təqribən 500 min insan maddə istifadəsi səbəbindən həyatını itirib. Bu ölümlərin yarıdan çoxu Hepatit C ilə əlaqəli qaraciyər xərçəngi, siroz və digər xroniki qaraciyər xəstəlikləri səbəbindən baş verib.

Avropa üzrə statistikaya əsasən, marixuana ən çox istifadə edilən narkotikdir.

Qeyd edək ki, Azərbaycanda narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir.

Hazırda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” icra olunur.

Qurumun açıqladığı məlumata görə, Dövlət Proqramı ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərin həllinə  əhəmiyyətli təsirini göstərib.

Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bu pul xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yeni müharibə və münaqişə ocaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur.

Sonda həkim-narkoloq, narkomaniya bəlası ilə bağlı kitabların müəllifi Asif Kəngərlinin “Bəla” kitabından olan fikirlərini təqdim edirik: “Tarixən dünyanın bir çox millətləri digərlərinin soyqırımına məruz qalıblar… İndi hansısa millətin yox, bütün bəşəriyyətin soyqırımı başlayıb: narkomafiya dilindən, dinindən, irqindən, cinsindən, yaşayış yerindən asılı olmayaraq, dünyanın yeniyetmə və gənclərini hədəf seçərək onları öz qurbanına çevirir, məhv edir. Bəşəriyyət total terror, total soyqırımının əlində aciz qalıb: sağlamlığımız, əsrlərlə formalaşan genofondumuz, mənəvi-əxlaqi dəyərlər, mədəniyyət, milli mentalitet, aile institutu, elm, din, maddi resurslar…

“Damokl qılıncı” altında böyük bir təhlükədədir, insanlar!

Sən kimin tərəfindəsən - Allahın, yoxsa Şeytanın? Siqaret çəkmək, içki içmək, narkotik qəbul eləmək Allahın yolundan çıxmaq deyil, bəs nədir?

Sən həyatını necə yaşamaq istəyirsən: sağlam və azad bir insan kimi, yoxsa xəstə və kölə kimi?

Dünyanın en böyük neməti - sağlamlıqla azadlıqdır!”

Aygün