Qəbul imtahanlarının ikinci cəhdində nə qədər abituriyent iştirak edəcək?
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat mayın 31-dən iyunun 19-dək davam edib və ötən gecə başa çatıb.
TNS xəbər verir ki, qeydiyyatdan keçən abituriyentlərin sayı 2-ci cəhd imtahanlarında daha az abituriyentin iştirak edəcəyini göstərir.
Belə ki, imtahanın 1-ci cəhdində I qrup üzrə 30149, II qrup üzrə 23958, III qrup üzrə 25146, IV qrup üzrə isə 5927 abituriyent qeydiyyatdan keçmişdi.
İmtahanın 2-ci cəhdində iştirak etmək üçün isə I qrup üzrə 22897, II qrup üzrə 17434, III qrupda 21196, IV qrupda isə 5039 abituriyent qeydiyyatdan keçib.
Nəticədə imtahanın 1-ci cəhdində cəmi 85180 abituriyent qeydiyyatdan keçmişdisə, 2-ci cəhddə bu say 66566-ya düşüb.
Qeyd edək ki, abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
Mayın 12-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər iyunun 30-da keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.