Yay fəsli nə vaxt başlayacaq?- Gündüzün uzunluğu 15 saat olacaq

Azərbaycanda yay fəslinin başlamasına bir neçə gün qalıb.
Şamaxı Astrofizika Rəsədxanasından TNS-ə verilən məlumata görə, ölkədə yay fəsli iyunun 21-i saat 00:50-də başlayacaq.
Həmin gün gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecə 8 saat, 56 dəqiqə 37 saniyə olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yay fəsli, Cənub yarımkürəsində isə Qış fəsli başlayacaq.
Qeyd edək ki, bu il payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43-də daxil olacaq.
Qış fəsli isə dekabrın 21-i saat 13:20-də başlayacaq.
Rəsədxanadan verilən məlumata görə, Yerlə Günəş arasındakı orta məsafə 146 597.870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal Yarımkürəsində Qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə Yay fəsli daha mülayim keçir. Bu il Yer yanvarın 3-də saat 04:38-də perihelidən (147 100 632 km) keçib. İyulun 5-də saat 09:06-da isə afelidən (152 099 968 km) keçəcək.
Aygün