Dərslər mayın sonunda bitməlidir – Şagirdlər ancaq “Son zəng” günü məktəbin yolunu tuturlar

2023-2024-cü tədris ili yekunlaşır və bu gün artıq məktəblərdə “Son zəng” çalınır. İlboyu öz vəzifəsini yerinə yetirən təhsil işçiləri, müəllimlər və şagirdlər, eləcə də valideynlər uzun bir maratonun sonuna gəlib. Bu gün əldə olunan uğurlarla yanaşı, bir sıra aktual problemlər də var ki, cəmiyyəti narahat edir və həllini gözləyir. Bu problemlərdən biri də şagirdlərin dərsə davamiyyəti ilə bağlıdır. Son illər, xüsusilə COVID-19 pandemiyasından sonra bu problem daha da aktuallaşıb. Əslində, problemin kökündə daha çox əlavə müəllim yanına gedən şagirdlərin məktəbi ikinci planda görməsi dayanır. Bundan başqa, dərs ilinin sonuna yaxın, may ayının axırında, iyun ayında demək olar ki, məktəblərdə dərs keçirilmir. Valideynlərlə apardığımız kiçik bir sorğudan məlum olur ki, uşaqlar məktəbə daha çox müxtəlif tədbirlərdə iştirak etmək üçün gedir. 1-ci, 4-cü, 9-cu, 11-ci sinfi bitirənlər təmtəraqlı məzun günü tədbirləri keçirir. Məktəbin əsas mahiyyəti kənarda qalır. Belə bir şəraitdə keyfiyyətli tədrisdən danışmaq nə qədər doğrudur?
Mütəxssislər isə hesab edir ki, dərsə davamiyyət probleminin yaranmasında valideynlərin də rolu var.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə TNS-ə açıqlamasında bildirb ki, şagirdlərin dərsə davamiyyət məsələsi aktual problemdir. Şura sədri bu problemin yaranmasında məktəb və müəllimlərdən çox valideynlərin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb: “Şagirdlərin dərsə davamiyyətində problemlər olur. İlboyu müəllimlər dərsə davamiyyəti yoxlayırlar və gəlməyən şagirdlərə “qayıb” yazılır. Bunlar jurnallarda öz əksini tapır. Tək-tək hallarda hansısa müəllim bu qeydi aparmaya bilər. Dərs ilinin sonuna yaxın isə şagirdlərin dərsdən yayınma halları daha da artır. Burada məktəbdən çox valideyni günahlandırmaq lazımdır. Mən özüm dərs ilinin son günlərində bir neçə məktəbdə olmuşam. Şagirdlərin davamiyyəti az olsa da, müəllimlər dərsi keçirlər. Sinifdə şagirdlərin 20-30, bəzən hətta 50 faizi dərsə gəlmir. Valideyn dərs olduğunu bilir, amma övladının nə üçün dərsə getmədiyini soruşmur”.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi TNS-ə bildirib ki, tədris ili boyunca yuxarı siniflərin, xüsusilə lX, X və Xl sinif şagirdlərinin dərsə davamiyyətində müəyyən problemlər olur: “Yuxarı sinif şagirdləri buraxılış imtahanları, ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün repetitor yanına, hazırlıq mərkəzlərinə getdikləri üçün orta məktəblərdə tədris olunan dərslərdən yayınırlar. İyun ayının 1-dən etibarən isə şagirdlərin böyük əksəriyyətinin dərsə davamiyyəti, ümumiyyətlə, aşağı düşür. Əsasən l və ll siniflərdə dərslər qaydasında keçirilir. Təəssüf ki, yuxarı təhsil pilləsində şagirdlər dərsə getmirlər. Xl siniflər məzun günü ilə əlaqədar müxtəlif çəkilişlərə gedirlər, dərsə gəlmirlər. Digər siniflərdə, hətta ibtidai təhsil pilləsində bəzi siniflər üzrə şagirdlər dərsə getmirlər. Bu hallar tədrisin keyfiyyətinə təsir edir. Yəni, belə bir şəraitdə tədrisin keyfiyyətindən danışmaq bir o qədər doğru deyil”.
E. Əfəndinin sözlərinə görə, tədris ili ən geci may ayının sonuna yekunlaşmalıdır: “Tədris ilinin ən geci may ayının sonunda yekunlaşması ilə bağlı fikirlər səsləndirmişəm. İyun ayında hava isti keçir, sinif otaqları isti olur. Bundan əlavə, tədris ilinin sonu olduğu üçün müəllimlər və şagirdlər yorulur. Digər tərəfdən də dərs vəsaitləri iyun ayının əvvəlindən yığılır. Əgər dərs vəsaiti də yığılıbsa, o zaman dərsə gələnlər sadəcə davamiyyət üçün prosesdə iştirak edirlər. Əks halda, onlar da məktəbə getmək istəməzlər”.
Aygün İbrahimli