Close

Uşaqların məktəbə erkən başlaması risklidir: 3-4 yaşında müəllim yanına göndərilən körpələr var

Harvard Universitetinin araşdırmasına görə, məktəbə erkən başlayan uşaqlarda eyni sinifdə oxuyan yuxarı yaşlı uşaqlara nisbətən diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu diaqnozu qoyulma ehtimalı 34 faiz daha çoxdur.

Belə ki, uşaq bağçası müəllimi və ya başqa bir mütəxəssis uşağınızın məktəbə hazır olduğunu desə də, bu, həmişə doğru çıxmaya bilər. Çünki məktəbə vaxtından əvvəl başlamaq uğuru azaldır, diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu diaqnozu ehtimalını artırır. Araşdırmaçılar bildirib ki, qeyd olunan bu risk həmin uşaqda 8-ci sinfin sonuna qədər davam edir. Məhz buna görə də mütəxəssislər uşaqları, xüsusən də 6 yaşına çatmamış uşaqları məktəbə göndərməzdən əvvəl düşünməyi tövsiyə edir.

Ölkəmizdə övladlarını çox erkən yaşda məktəbə qoyan valideynlər olur. Hətta bir çox valideyn uşaqları çox erkən yaşdan müxtəlif dil kurslarına, öyrənmə yükü ağır olan fərqli kurslara qoya bilir. Övladını rus dili bölməsinə qoymaq istəyənlər arasında uşağı 3 yaşından müəllim yanına qoyanlar da var.

Əslində uşaqların neçə yaşında məktəbə başlaması daha məqsədəuyğundur?

Mövzu ilə bağlı TNS-in suallarını Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova cavablandırıb.

Psixoloq bildirib ki, uşaqların 6 yaşından məktəb təhsilinə başlaması məsləhətdir: “Məktəb təcrübəsi də göstərir ki, Azərbaycan cəmiyyətinin sosial-mədəni xüsusiyyətləri baxımından uşaqların 6 yaşından məktəb təhsilinə başlaması daha məqsədəuyğundur. Çünki burada uşağın bioloji və psixoloji inkişafı bir-birini tamamlamalıdır. Təəssüf ki, Azərbaycan ailələrində uşaqların məktəb təhsilinə hazırlanması işinə ciddi diqqət yetirilmir. Bu sahədə xüsusilə uşaqlara müstəqilliyin verilməsi, düşünmə bacarıqlarının inkişafı və bütövlükdə təhsil mühitinə adaptasiya məsələləri üzrə lazımi bacarıqların olmaması özünü göstərir”.

Aysel Novruzova bu məsələyə fərdi yanaşmanın mümkünlüyünə də toxunub: “Müəyyən qisim uşaqlar var ki, intellektual və iradi-emosional imkanları onların 5 yaşında məktəb təhsilinə başlamaları üçün uyğundur”.

Onu da qeyd edək ki, hazırda dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Belə olan halda, doğum tarixi oktyabr ayından sonra olan uşaqların hazırlıq qruplarına daha erkən - 4 yaşında başlamaq kimi məcburiyyəti ortaya çıxır.

Aysel Novruzova bildirib ki, uşağın 5 yaşında hazırlıq qrupuna başlamaq kimi məcburiyyəti yoxdur: “Valideyn övladının intellektual imkanlarından əmin deyilsə, onu saxlaya bilər. Uşaq gələn tədris ilində yaşı uyğundursa, məktəbdə, deyilsə, digər özəl məktəbəhazırlıq qruplarında məktəbə hazırlaşa bilər”.

Onu da qeyd edək ki, bəzən valideynlər məhz maddi imkanı nəzərə alaraq, övladının daha erkən yaşda dövlət hazırlıq qruplarına aparmalı olur.

Bu baxımdan məktəbə hazırlıq qruplarında yaş həddi məsələsində 5 yaşı oktyabrdan sonra tamam olan uşaqlara gələn il hazırlıq qrupuna getmək fürsəti yaradılmalıdır.

Çünki mütəxəssislər tərəfindən aparılan araşdırmaya görə, uşaqlarda beynin inkişafı baxımından bir neçə ay belə, böyük fərq ortaya çıxarır. Hətta 5-7 yaş arası uşaqların inkişafında ay fərqləri daha ciddi fərq yarada bilər.

Aygün İbrahimli