Bu il yalnız Bakı İlahiyyat Kollecinə qəbul aparılacaq - QMİ-nin dini məktəbləri...
Məlum olduğu kimi, ötən ilin sonunda Bakı İlahiyyat Kollecinin yaradılması ilə bağlı qərar verilib. Bu il həmin kollecə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul aparılacaq.
Xatırladaq ki, 2017-ci ildə 8 İslam kolleci yaradılmışdı. Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kolleci idi ki, sonradan bunların əksəriyyətinə qəbul aparılmadı.
Buna qədər isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) üç dini mədrəsəsi var idi ki, sonradan onlar da kollec statusu almışdı. Onlar Zaqatalanın Əliabad qəsəbəsində, Şəki və Bakı şəhərlərində fəaliyyət göstərir. Həmin mədrəsələrə də kollec statusu verilib.
Bəs bu il Azərbaycanda fəaliyyət göstərən həmin tədris mərkəzlərinə qəbul aparılacaqmı?
Milli Məclisin üzvü Ceyhun Məmmədov TNS-ə açıqlamasında bildirib ki, bir müddət əvvələ kimi Azərbaycanda bir sıra dini kolleclər fəaliyyət göstərirdi: “Həmin tədris mərkəzləri də ölkəmizdə dini kadrların hazırlanması prosesində iştirak edirdi. Əvvəlki dövrdə həmin kolleclər özləri tələbələri qəbul edirdi. Amma artıq bu tipli bütün dini kolleclərin fəaliyyəti dayandırılıb. Yalnız bir kollec – Bakı İlahiyyat Kolleci fəaliyyət göstərəcək ki, oraya da qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. O mənada biz artıq deyə bilərik ki, ölkəmizdə kolleclərin fəaliyyəti məsələsində yeni yanaşma bu formada tənzimlənəcək. Qəbul da yalnız dövlətin yaratdığı kolleclərə keçiriləcək”.
Deputat bildirib ki, kolleclərə qəbul və onların fəaliyyəti ciddi nəzarətdə olmalıdır: “Ən doğrusu qəbulun DİM vasitəsilə həyata keçirilməsidir. Burada əsas hədəf və məqsəd problemlərin aradan qaldırılması, şəffaflığın təmin edilməsidir”.
Bəs Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən məktəblərə qəbul aparılmayacaqmı?
Mövzu ilə bağlı TNS-in sualını QMİ sədrinin müavini Qəmər Cavadlı cavablandırıb.
Q. Cavadlı bildirib ki, həmin kolleclərin adı dəyişdirilib və “Yatılı Quran tədrisi və tədqiqi kursu” adlandırılıb. Kurslar hazırda fəaliyyətlərini davam etdirir və qəbul həyata keçirilir.
Aygün