Baş direktor: "Elə bitkilər var ki, onların tərkibinə əqrəbdən genlər keçirilir"

Dadsız və keyfiyyətsiz meyvə-tərəvəz, müxtəlif növ qida məhsulları ilə bağlı problemlər gün keçdikcə daha da çoxalır. Qida mütəxəssisləri bu problemin yalnız dadsızlıqla məhdud olmadığını deyirlər. Bildirilir ki, xaricdən gətirlən toxumlardan əldə olunan meyvə-tərəvəz və digər qida məhsulları insanlarda bir sıra ciddi xəstəliklər yarada, nevroloji təsirlər göstərə bilir.
Məlumdur ki, 15-20 il əvvəl ölkədə daha çox yerli toxumlardan istifadə olunmaqla məhsullar yetişdirilirdi. Bəs həmin toxumlar indi niyə tapılmır? Artıq evlərdə heç kim əkdiyi məhsuldan toxum götürmür. Bazardan alıb istifadə edir. Azərbaycanın yerli toxum sortlarının aqibəti necə olub? Hazırda bu toxumlarımız harada qorunur?
Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, professor Zeynal Əkbərov TNS-ə bildirib ki, müxtəlif yerli kənd təsərrüfatı bitkilərinin toxumları toplanaraq mühafizə olunur: “15-20 il əvvəl bütün bölgələri gəzərək yerli toxum növlərini toplamışıq. Bizim ölkədə olan və xaricə aparılan nümunələrin hər birini toplayıb Azərbayacana gətirmişik. Daha sonra "genbank" hazırladıq və həmin toxumları mühafizə edirik. “Genbak"da aşağı temperatur yaradılır və toxumların suyu qurudularaq dərin dondurucuda saxlanılır. Bu üsulla bitkilərin toxumlarını 100-120 il saxlamaq olur. Məqsəd odur ki, vaxtilə dədə-babalarımızın xalq seleksiyası üsulu ilə seçdikləri müxtəlif bitki növlərini gələcək nəsillərə saxlamaq mümkün olsun. Vaxtilə xalq seleksiyası ilə yaradılan bitkilərin çörəyi ətirli olur, xəstəliyə az tutulurlar. Onlara qarşı kimyəvi maddələr az istifadə olunur və s. “Genbank”da təxminən 9500-10000 minə qədər bitki toxumları saxlanılır. Həmin bitkilərin hamısının milli məlumat bazası, hər bir toxumun öz pasportu var. Həmin sənədlərdə bitkinin adı, növü, fəsli, yarandığı tarix və yer haqqında məlumatlar yerləşdirilir. Bu toxumlar çox qiymətli materiallardır”.
Direktor bildirib ki, toxumlardan istifadə ilə bağlı müraciət olarsa, müsbət yanaşılar: “Təbii ki, həmin toxumlar istifadə edilmək üçün toplanılıb. Gələcəkdə bizim elmlə məşğul olan gənclərimiz götürdüyümüz bu numunələrdən istifadə edərək, yeni sortlar yaradacaq. Bu gün toxumlar var, amma gələcək nəsillər üçün bu toxumlar tapılmayacaq. Ona görə də mühafizə olunur”.
Bitkilərin genlərinin dəyişdirilməsi probleminə gəlincə professor bildirib ki, taxıl bitkilərində geni dəyişdirilmiş məhsullar olmasa da, pomidor, kartof, yem bitikləri, soya kimi geni dəyişdirilmiş məhsullar gizlin şəkildə gətirilir: “Gen dəyişkliyi keçmişdə də olub. Məsələn, bir sort buğda ilə digər sort buğdanı hibridləşdirib, birinin yaxşı genlərini digərinə keçirirdilər. Bu cür gendəyişmə bitkinin öz cinsi ilə olan hibridləşmə olduğundan problem yaratmır. Amma elə bitkilər var ki, onların tərkibinə hansısa bir heyvandan, əqrəbdən və s. alınmış genlər keçirilir. Tutaq ki, pomidora, mandalinə soyuğa davamlı heyvanların geni keçirilir ki, soyuğa davamlı olsun. Bunlar da elmin inkişafıdır. Nə etmək olar? Bu cür məhsulların bioloji təhlükəsi olub-olmadığı tam yoxlanılmalıdır ki, ondan istifadə etmək mümkün olsun. Çünki kortəbii istifadə etdikdə allergik xəstəliklər, bir sıra digər problemlər yarana bilir”.
Aygün