Onlar əhalini ilanlardan qorumaq görüntüsü yaradırlar - Zəhərli ilanlar bu bölgələrdə geniş yayılıb

Yazın gəlməsi, havanın temeperaturunun yavaş-yavaş yüksəlməsi bütün canlılar kimi, ilanları da fəallaşdırır. Qış yuxusundan oyanan ilanlar qida əldə etmək üçün insanlar yaşayan və işləyən ərazilərə yaxınlaşa, bəzən onları sanca bilir. İnsan həyatı üçün təhlükə yarada biləcək zəhərli ilanların olduğunu nəzərə alsaq, diqqətli olmaq lazımdır. Zəhərli ilanlar əsasən, hansı bölgələrdə geniş yayılıb və qorunmaq üçün nə kimi tədbirlər görmək lazımıdır?
Mövzu ilə bağlı TNS-ə Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitununun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov danışıb.
O bildirib ki, Azərbaycanda olan 29 növ ilandan yalnız 6 növü zəhərlidir. Onlaradan ən çox rast gəlinəni, həm də insanları zəhərli sancmaya məruz qoyan “Levant gürzəsi”dir ki, bu növ bütün Aran və isti-quraq dağətəyi rayonların ərazisində var: “Qobustan düzü, Acınohur çölü, Samur-Yalama düzənliyi, Muğan, Mil, Qarabağ düzənliklərində bu növ geniş yayılıb. Talış zonasında rast gəlinən qalxansifət ilanlar da sancıdqda həyat üçün təhlükəli ola bilir. Yalnız Naxçıvanda rast gəlinin “Dağ gürzəsi” də zəhərli ilandır. Bundan başqa, yüksək dağlıq əraziləri üçün nadir növlərdən olan “Çöl gürzəsi” var ki, o da zəhərli ilan növüdür”.
Tədqiqatçı bildirib ki, hazırda havaların istiləşməsi ilə ilanlar da qış yuxusundan oyanır: “Havalar istiləşdikcə ilanlar fəallaşır və ətraf ərazilərə yayılır. Əhalinin ilanlar barədə lazımi bilgiləri olmadığı üçün ilanla rastlaşdıqda instinktiv olaraq qorxur və narahat olurlar. İlanlardan qorunmağın iki yolu var. İlanı görəndə qorxmaq lazım deyil. Sakit durub gözləmək lazımdır ki, gizlənəcəyi yeri görmək olsun. Yalnız bundan sonra kömək çağırıb ilanı zərərsizləşdirmək mümkündür.
Çox vaxt biz ilanlar üçün öz ərazimizdə əlverişli şərait yaradıb, sanki ilanları “dəvət” edirik. İlanlar gizlin həyat tərzi keçirirlər. Onlar yedikləri heyvan növləri olan ərazini tapır, şikarını tutmaq üçün gizlənmə yeri seçib pusqu qurur və şikarı keçərkən ani sıçrayışla tutur. Əgər biz təsadüfən bu yerə çox yaxın keçsək, ilan təhlükə hiss etdiyi üçün bizi də sanca bilər. Bu amili nəzərə alamaq və ehtiyatlı davranmaq lazımdır.
İlanlar yayın isti vaxtlarında sərinlənmək üçün sərin, soyuq vaxtlarda qızınmaq üçün isti yer axtarır (siçan yuvaları, otluq, kol-kos dibi, daş-kəsək altı, hasarlarda, divarlarda olan boşluqlar, yerə atılmış, yığılmış əşyalar, tullantılar və s.). Bu yerlər ilana, həm də yumurta qoymaq üçün lazımdır. Əgər həyətlərdə belə gizlənmə yerləri varsa, ilan onu axtarıb tapır. Belə yerləri sökəndə və ya əşyaları qaldıranda ehtiyatsızlıq etsək, ilan sanca bilər. Bu tipli yerlərdə həm də ilanın yediyi heyvan növləri çox olur (siçan, kərtənkələ, quş, qurbağa və s.) və ilan belə ərazini hökmən tapır.
Beləliklə, ilandan qorunmağın ən etibarlı yolu ərazidə onun üçün münbit və əlverişli şəraiti ləğv etməkdir: ilan üçün gizlənmə yerləri qoymamaq, əşyaları, materialları yerdən 50-60 sm hüdürlükdə dayaq üzərinə yığmaq, ərazini səliqəli saxlamaq, otu, kol-kosu biçmək, siçan-siçovul və quş yuvalarını ləğv etmək və s.
İlanlardan qorunmağın ikinci yolu əraziyə ilan keçməsi ehtimal olunan yerləri, hasardakı məsamələri, ilanın gizlənməsi mümkün ola biləcək yerləri xüsusi kəskin qoxulu maye, toz və ya briket (dənəvər) formada olan ilanqovucu preparatlarla işləməkdir”.
Müsahibimiz onu da əlavə edib ki, ilanların fəal olduqları vaxtlarda əhalidə, təsərrüfat və təşkilatlarda narahatlıq olur, onların problemlə qarşılaşması halları yaranır: “Belə hallarda əhalinin xüsusi mütəxəssis köməyinə ehtiyacları olur. Ona görə də əhaliyə peşəkar (serpentoloji) xidmət göstərmək üçün mütəxəssislərdən, peşəkar serpentoloqlardan ibarət qurum yaradılmalıdır. Bu xidmət ərazinin ilan təhlükəsi baxımından qiymətləndirilməsi, rast gəlinən ilan növlərinin təyini, onların tutularaq ərazidən çıxarılması və əhali üçün təhlükəli olmayan təbii biotoplarına buraxılması, ərazidə potensial ilan təhlükəsi olan yerləri müəyyən edib ilanqovucu preparatlarla işləmək, ərazidə olan insanları ilanlara qarşı profilaktik tədbirlər barədə təlimatlandırmaq kimi tədbirləri nəzərdə tutur. Bu tədbirləri yalnız ilanlar haqqında serpentoloji bilikləri, xüsusi hazırlığı və ilanlarla iş üzrə təcrübəsi olan mütəxəssislər həyata keçirə bilər.
Təəssüf ki, əhalinin ilanlara qarşı təhlükəsizlik xidmətinə ehtiyacı olmasından sui-istifadə edərək bəzi fiziki və hüquqi şəxslər bu xidmətin spesifik xüsusiyyətlərini nəzərə almadan internet vasitəsilə elan verib, xidmət təklif edirlər. Bəzi xüsusi sanitar-epidmioloji (Pest-kontrol) xidmət üçün lisenziya alan hüquqi şəxslər xidmət obyektləri siyahısına məhvedici üsulla mübarizə apardıqları xəstəlik törədiciləri ilə (siçan-siçovul) yanaşı, ilanları da əlavə edirlər. Bununla da ilanlara qarşı mahiyyətini bilmədikləri “mübarizə” apararaq əhalini ilanlardan qorumaq görüntüsü yaradırlar. Bu, yolverilməzdir və əlaqədar dövlət orqanları bu xidməti təşkil etməli və tənzimləməlidir”.
Azərbaycanda gürzə zəhəri əleyhinə qan zərdabından istifadə olunduğunu deyən T. İsgəndərov bildirib ki, bu vasitə ölkədə istehsal olunmur: “Zərdabı şəxsi firmalar adətən Özbəkistandan gətirir. Bir də dövlət tərəfindən gətirilir və yalnız dövlət səhiyyə ocaqlarına paylanır. Satışda olan zərdab çox bahadır. Pandemiyadan sonra əlaqələr kəsildiyi üçün gətirmək çətinləşmişdi. 5 qramlıq ampula 350 manata satılırdı”.
Aygün