Close

Uzun illər evdə dustaq həyatı yaşadı, sonra küçəyə atıldı- Qalacaq yeri olmayan qadının dramı

Həyat hamıya eyni davranmır. Eyni bölgədə, eyni gündə, eyni şərtlərdə yaşayan ailələrdə dünyaya gələn insanların hər birinin qisməti, alın yazısı fərqli olur. Əslində hər kəsə ömründə ən az bir dəfə də olsa, şans verilir. Bu şansdan istifadə edib, gələcəyini quranlar da olur, fürsəti görməzdən gəlib, ona arxa çevirənlər də. Nəticədə yararlananlar həyatlarını normal davam etdirirlər, yararlanmayanlar isə bir yaşdan sonra kimlərəsə möhtac olur, özlərinə sığınacaq axtarırlar.

Yazımızın qəhrəmanı Bənövşə Nağıyeva kimi...

Bənövşə Nağıyeva 1965-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın Yuxarı Gəyəli kəndində dünyaya göz açıb. Ailənin ilk övladı olan Bənövşə körpə yaşlarında həyatın çətin üzü ilə rastlaşıb. Valideynləri o, uşaq ikən ayrılıb. Körpə qız atasının yanında, Zəngilanda qalıb, anası isə Bakıya köçüb. Həm atası, həm anası qısa müddət sonra ailə qurub, yeni həyata başlayıblar. Yeni evlilikdən atasının 3 qızı, 1 oğlu, anasının 2 oğlu dünyaya gəlib. Beləcə, o, ata-ana sevgisindən məhrum olub, analığının yanında böyüyüb.

19 yaşına çatanda xalası Bənövşəni Bakıya, anasının yanına gətirib. Bir müddət anası və qardaşları ilə birlikdə yaşayıb.

Bənövşə Nağıyeva deyir ki, qardaşları onu evdən çölə buraxmayıblar: “Deyirdilər ki, qız uşağının çöldə nə işi var? Heç pəncərədən həyətə baxmağa da ixtiyarım yox idi. Anam da onların sözünü deyirdi. Bakıda heç kimi, heç yeri tanımırdım. Ömrümdə bir dəfə də olsun, təkbaşına yaşadığımız məhəlləyə, küçəyə belə çıxmamışam”.

b2

Evdə dustaq həyatı yaşayan Bənövşə bir gün atasının da Bakıya köçdüyünü eşidir: “Gedib, görmək istəyirdim, amma heç yeri tanımırdım. Axır ki, bir müddət sonra çətinliklə də olsa, gedib tapdım. Amma mən onları tapanda atam da, analığım da artıq dünyadan köçmüşdü. Yenə də orada qalmaq istədim. Bacılarım və qardaşım imkan vermədilər. Dedilər ki, atamızdan nə qalıbsa, onlara çatır. Mənim heç bir haqqım yoxdur. İstəmədilər deyə, anamın yanına qayıtdım”.

Zindan həyatına davam edən Bənövşəni ailə qurmağa da qoymayıblar: “Bütün gün ev işləri ilə məşğul olurdum. Evdə ailə qurmaqdan söz düşən kimi, qardaşlarım deyirdi, otur, oturduğun yerdə. Gedib, boşansan, necə olacaq? Evdə boşanmış qızımız çatmır elə...”

Təbii ki, bu sözlərin qarşılığında nəsə deməyə ixtiyarı olmayıb onun. Anası da qardaşlarının dediyini təsdiqləyib. Zamanla hər iki qardaşı evlənib, ailə-uşaq sahibi olub. Bənövşə isə onlara xidmət eləyib.

Beləcə, ömür gedib, gəlib 60 yaşı haqlayıb. Artıq əvvəlki kimi iş də görə bilməyəndə evdə arzuolunmaz şəxsə çevrilib: “Keçən ildən açıq şəkildə dedilər ki, evdən çıxmalısan. Qardaşlarım deyir ki, qazancımızla ancaq öz ailəmizi dolandırırıq, sən bizə yüksən. Yataq xəstəsi olan anam hələ də onların tərəfini tutur. Mən bundan sonra necə işləyib, özümə qalmağa yer tapa bilərəm axı. Əlimdən də bir iş gəlmir. Bacardığım ancaq ev yığışdırmaq, yemək bişirməkdir. Ona artıq gücüm çatmır. Xəstəyəm, təzyiqim çox yüksəkdir, ayaqlarım tutulur. Bu vəziyyətdə heç nə eləyə bilmərəm axı...

Anam pensiya alır, dedim ki, çıxsın 1 otaq tutaq, birtəhər dolanaq. Yataq xəstəsidir, özünü idarə eləyə bilmir. Evdən çıxarılana qədər onun qulluğunda özüm durmuşam. Razılaşmadı mənimlə, dedi, evdən çıx”.

7 ay əvvəl evdən qovulan qadın çox çətinliklə olsa da, hüquq müdafiəçisi Mehriban Zeynalovanın rəhbərlik etdiyi qadın və uşaq sığınacağıını tapıb: “Hər gün deyirdilər ki, evdən çıx. Axırda çıxmağa məcbur oldum. O yaşıma qədər evdən çölə tək çıxmamışdım. Heç yeri, heç kimi tanımırdım. Çemodanıma pal-paltarımı yığıb evdən ayrıldım. Soruşa-soruşa polis bölməsini tapıb, ora getdim. Dedim ki, qalmağa yerim yoxdu, çarəsizəm. Polis də mənə bu sığınacağa gəlməyi məsləhət bildi. Yenə soraqlaya-soraqlaya gəlib buranı tapdım. Burada mənə çox yaxşı baxırlar, heç bir şikayətim yoxdur. Əksinə, özümü çox yaxşı hiss edirəm. Amma burda ömrümün sonuna qədər qala bilmərəm. Yaşım çatmadığı üçün pensiya almıram, işləməyə səhhətim imkan vermir, heç yerdən 1 qəpik gəlirim yoxdur. Qocalar evinə də qəbul etmirlər ki, yaşım azdır. Yaxşı, mən nə edim? Hara gedim? Gedib, küçədə yatım?”

b3

Əslində, Bənövşə Nağıyevanın vəziyyəti çox ciddi bir problemi ortaya çıxarır. Heç bir iş təcrübəsi, qalacaq yeri, gəliri olmayan, səhhətində problem olan 59 yaşında bir insan necə yaşamalıdır?

Azərbaycan dövləti hər bir vətəndaşının sosial və digər hüquqlarının müdafiəsi üçün kifayət qədər vəsait ayırır, müxtəlif proqramlar həyata keçirir. Bəs, bu proqramların icrasına məsul qurumlar və məmurlar hara baxır? Yəqin ki, 10 milyon insanın yaşadığı bir ölkdə Bənövşə Nağıyevanın aqibətini yaşayan başqa insanlar da var. Aidiyyəti qurumlar belə vəziyyətlərdə hansı addımlar atır?

Mövzunu davam etdirəcəyik.

Gülşən Hacıyeva