Close

Şadlıq saraylarındakı fantastik qiymətlər - Toydan sonra süfrədə qalan yeməklər...

Son bir-iki ildə toyların sayında kifayət qədər azalma müşahidə olunur. Təbii ki, azalma təkcə müşahidələrdə deyil, rəqəmlərdə əksini tapır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, ötən il ölkədə cəmi 54 200 nikah qeydə alınıb.

2022-ci illə müqayisədə ötən il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,1-dən 5,1-ə düşüb.

Nikahların sayı azalsa da, şadlıq saraylarının qiyməti artmaqda davam edir.

TNS Bakı şəhərində və ətraf qəsəbələrdə fəaliyyət göstərən bəzi restoranların qiymətini araşdırıb.

Məsələn, Nizami rayonunda olan “Grand Opera” şadlıq sarayının menyu qiyməti adambaşına 160-300 manat, “Grand Neon”da isə 120-160 manatdır.

“Meridian saray” 75-90, “Diva Wedding hall” 100, “Ağ çiçəyim” 60, “Altun saray” 80-120, “Alp saray” 90-120, “Al saray” 35-40 manata menyu təklif edir.

Abşeron rayonu ərazisində yerləşən “Qarabağ” şadlıq sarayında menyu 35-40, “Əlincə saray”da 33-37 manatdır.

“Şahzadə” şadlıq sarayında menyu 36-40, “Simfoniya Hall”da 140-200 manatdır. Yəni, qiymətlər arasında kəskin fərq var.

Maraqlıdır, bu qədər fərq haradan ortaya çıxır? Daha doğrusu, bir adamın yeyib-içməsi neçəyə başa gələ bilir? 

Mövzu ilə bağlı qida mütəxəssisi Ağa Salamov TNS-ə bildirib ki, qiymətlərə daha çox süfrəyə təqdim olunan məhsulların çeşidi təsir edir: “Məsələn 40-50 manatlıq menyularda 3-4 çeşid kabab olur. Yanında qarniri, plov, qəlyanaltı, meyvə, dondurma, çərəz və s.  Qiymətlər qalxdığına görə, bu gün üçün 40-50 manatlıq menyu normaldır. 200-250 manatdan başlayan menyularda isə bahalı balıq növləri, balıq kürüsü və s. təqdim edilir. Süfrənin zənginləşdirilməsi bahalığa səbəb olur. Modern üslubda tort təqdim oluna bilər ki, onun da qiyməti yüksəkdir.

Amma bir insan nə qədər kürü yeyə bilər? Bahalı restoranlarda qiyməti artıran təkcə menyular deyil. Əgər restoran dəniz kənarında yerləşirsə, bəy-gəlinin gəmi ilə restorana gəlməsi, bundan başqa, tanınmış müğənnilərin ifası, uşaqlar üçün klounlar ola bilər ki, bu xidmətlər də qiymətə təsir edir. Amma yenə də ən çox qida məhsulları rol oynayır”.

Qida eksperti onu da bildirib ki, menyuya bahalı məhsullar əlavə etməklə qiymətin yüksəldilməsi israfçılıqdır: “Peşəkar kimi müraciət olunduğu üçün bahalı menyuların planlamasında mən də iştirak edirəm. Düşünürəm ki, bahalı menyulara gərək yoxdur. Bir insan nə qədər yemək yeyə bilər? Süfrədə olan yeməkləri hesabladıqda adambaşına 1,5-2 kilo gəlir. İnsan bir dəfəyə bu qədər yemək yeyə bilərmi? Ona görə bu, böyük bir israfçılıqdır.  Çoxu geri qayıdır. Sonradan istifadə olunur, ya olunmur, onu bilmirəm. Allah gəncləri xoşbəxt etsin, amma israfçılıq doğru deyil. İnsanlarımız bahalı menyular yerinə uşaq evlərinə, qocalar evinə, ehtiyacı olan ailələrə, yeni evlənəcək olanlara köməklik etsələr, daha yaxşı olar”.

 Aygün