Qlobal istiləşmə: Azərbaycan üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirir?

Müşahidələr göstərir ki, son iki yüz ildə qlobal orta temperatur 1,2 dərəcə artıb. Artım belə sürətlə davam edərsə, bir müddətdən sonra Yer kürəsi insanların yaşaması üçün əlverişsiz olacaq. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Belə ki, son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,8-1,3 dərəcəyə qədər artıb. Hazırda ölkələr problemin aradan qaldırılması üçün işlər aparır, Azərbaycan da üzərinə müəyyən öhdəliklər götürüb.
İstilk effekti yaradan qazların azaldılması istiqamətində hansı işlər görülür? Azərbaycan bu sahədə üzərinə götürdüyü öhdəliklərlə bağlı nəticələrə nail ola bilirmi?
Mövzu ilə bağlı TNS-in suallarını cavablandıran Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev bildirib ki, alimlər uzun illərdir, temperaturun yüksəlməsinin səbəbləri ilə bağlı tədqiqat aparırlar: “İstiliyin artmasınına bir çox səbəbi var. Günəşdə, yerin təkində gedən proseslər, su sistemi, yaşıllıqla bağlı problemlər və s. Hələlik qlobal istiləşməyə əsas səbəb kimi atmosferə atılan karbon-dioksid (CO2 ) və digər istilik effekti yaradan (parnik) qazlar göstərilir. Əsasən, sənaye, energetika sahələrində, avtomobil sənayesində, ev təsərrüfatlarında istehsal prosesləri atmosferə atılan karbon dioksid qazının artmasına gətirib çıxarıb. Son 150 ildə karbon dioksid qazının atmosferə atılması ilə temperaturun artması arasında müəyyən uyğunluqlar mövcuddur. Buna görə də belə qərara gəlinib ki, havanın istilişməsi 90 faiz bu və bu kimi qazların təsirindən olur. Atmosferdə olan karbon dioksid günəşdən gələn istiliyi yerə buraxır, lakin yerdə olan istiliyin atmosferə yayılmasının qarşısını alır. Beləliklə, dünyada havanın temperaturu artır. Hazırda dünya üzrə atmosferə ildə 50 milyard ton karbon dioksid qazı atılır. Əsas pay Çin, Rusiya, ABŞ və bir çox Avropa İttifaqı ölkəsinə düşür. Yəni, sənayenin yaxşı inkişaf etdiyi ölkələrdə həmin tullantının miqdarı daha çox olur”.
İslam Mustafayev atmosferə atılan və istilik effekti yaradan qazların azaldılması istiqamətində atılan addımlardan, Azərbaycanın bu prosesdə rolundan bəhs edib: “Beynəlxalq aləm karbon dioksidin atmosferə atılmasının qarşısını almaq üçün müəyyən hərakat ətrafında birləşib. 1992-ci ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyanın mətninin hazırlanması işləri yekunlaşdırılıb və konvensiya həmin ilin iyun ayında Rio da Jeneyro şəhərində keçirilən Dünya Sammitində 154 ölkə tərəfindən imzalanıb. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib”.
Professor bildirib ki, 2019-cu ildə DAVOS Forumunda 2050-ci ilədək karbon-dioksid qazı ilə bağlı sıfır tullantıya nail olunmasına qərar verilib: “Avropa İttifaqı ölkələrinin “Avropa Yaşıl Sövdələşmə” adlanan bir sazişi də var. Bu sənədlərin bəziləri tullantının azaldılmasını irəli sürür. Azərbaycan baza ili kimi 1991-ci ildən 2030-cu ilə qədər istilik effekti yaradan qazların atmosferə atılmasını 35 faiz azaltmağı öhdəlik kimi götürüb. Ölkələr üzrə rəqəmlər fərqlidir. Amma ümumdünya razılaşması belədir ki, bu sahədə 1950-ci ildəki sıfır emissiya nəticəsinə nail olunsun. 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan qlobal səylərə öz töhfəsini vermək məqsədilə yeni hədəflə çıxış edərək 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib”.
Professor qeyd edib ki, öhdəliklə bağlı ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir: “Müxtəlif elmi-tədqiqat işləri gedir. Bu il COP-29 (BMT-nin İqlim Dəyişikliyi Konfransı) Bakıda keçiriləcək ki, bu, çox böyük hadisədir. Həm ictimaiyyətə, həm maraqlı tərəflərə, icraçılara, qərar qəbul edənlərə təsir edə biləcək ən böyük tədbirdir”.
Direktor vurğulayıb ki, hazırda Azərbaycan üzərinə götürdüyü 35 faizlik öhdəlikdən 25 faizindən çoxunu yerinə yetirib: “Qalan 10 faizi də ümid edirəm ki, 2030-cu ilə qədər yerinə yetirmək mümkündür. Məni narahat edən və bir az etiraz doğuran “sıfır emissiya” məsələsidir. Sıfır emisiyaya nail olmaq üçün iri texnologiyalar olmalıdır ki, karbon qazını udsun. Meşələr, yaşıllıqlar təbii udmanı təmin edir, amma zavodların, energetik obyektlərin tüstü borusundan çıxan karbon diaoksidin oradaca sorulub stabil kimyəvi maddələrə çevrilməsi həll olunmalıdır”.
Professorun sözlərinə görə, Azərbaycanın vəziyyəti ölkələrin çoxundan daha yaxşıdır: “Digər ölkələr daha çətin vəziyyətdədir. İstilik effekti yaradan qazların qlobal emissiyalarında ən çox payı olan 5 ölkə Çin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz), Rusiya (5 faiz) və Yaponiyadır (4 faiz). Azərbaycanın payı isə cəmi 0.15 faiz təşkil edir.
Yəni, 4-5 ölkə karbon qazının 50 faizini buraxır. Dediyim kimi, tədbirlər görülür. Biz bunu hiss etməsək də, elektomobillərin ölkəyə gətirilməsi, enerji istehsal edən obyektlərdə, termoelektrik stansiyalarda mazutdan qaza keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji növlərinin yüzlərə meqavat gücündə istifadə olunması və s. bu sahədə inkişafdır. İnanıram ki, yeni tədbirlər də görüləcək”.
Aygün İbrahimli