Close

Kimlər metrodan pulsuz istifadə edir

"Bakı Metropoliteni" QSC 2024-cü ilin yanvar ayında 489 min 761 nəfərin metro xidmətindən ödənişsiz istifadə etdiyini açıqlayıb.

Maraqlıdır ki, kimlər metro xidmətindən, ümumiyyətlə sərnişin nəqliyyatından pulsuz istifadə edə bilər?

TNS xatırladır ki, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarından 5 yaşadək uşaqlar ödənişsiz istifadə edə bilərlər.

Metrodan istifadədə isə bu, 7 yaş olaraq, qəbul edilib. Belə ki, Bakı metrosundan istifadə qaydalarında 7 yaşadək uşaqların bu xidmətdən pulsuz yararlana biləcəyi vurğulanıb.

“Polis haqqında” Qanunun 38-ci maddəsinin 4-cü bəndinə əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.

“Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər.

Bundan başqa, Bakı Metropolitenin işçiləri və veteranları da güzəşt qrupuna daxildir. Onlar metro xidmətindən pulsuz istifadə edə bilirlər.

Ümimiləşdirsək, 7 yaşadək uşaqlar, polis əməkdaşları, müddəətli həqiqi hərbi qulluqçular, Bakı Metropolitenin işçiləri və veteranları bu xidmətdən pulsuz istifadə edirlər.