Azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevrilir - Hansı işlər görülüb?

Nazirlər Kabinetinin 21 iyun 2022-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib.
Plana görə, tədbirlərin əsas icraçısı Energetika Nazirliyidir.
Maraqlıdır ki, indiyədək nazirlik tərəfindən bu istiqamətdə hansı işlər görülüb?
Energetika Nazirliyindən TNS-in sorğusuna savab olaraq bildirilib ki, bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsi sahəsində işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarında potensialın ölçülməsi məqsədilə Günəş monitorinq stansiyaları quraşdırılıb və stansiyalarda müşahidələrin aparılması davam etdirilir: “Laçın və Kəlbəcər rayonlarında külək ölçü müşahidə işlərinin aparılmasına hazırlıq işləri görülüb. Əlavə ölçü-müşahidə stansiyasının tikintisi üçün texniki tapşırıq hazırlanıb. Proses yekunlaşdıqdan sonra külək ölçmələri aparılacaq”.
Cəbrayıl rayonunda Günəş elektrik stansiyasının tikintisinə gəlincə, nazirlikdən deyiblər ki, “Şəfəq” layihəsi hazırda qiymətləndirmə mərhələsindədir. Bu mərhələdə kameral araşdırmalar aparılaraq geotexniki və ekoloji risklərin qiymətləndirilməsi, şəbəkənin araşdırılması və kommersiya müzakirələrinin aparılması həyata keçirilir: “Şəbəkəyə mümkün təsirlərə dair məsələlər barədə “Azərenerji” ASC ilə müzakirələr aparılır. Layihə üzrə torpaq sahəsinin koordinatları müəyyənləşdirilib, topoqrafik tədqiqatlar aparılıb, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində müvafiq işlər görülməkdədir.
“bp” şirkətinin “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılacağı ərazi tam şəkildə minalardan təmizlənib”.
Qeyd olunub ki, hidroenerji potensialının, o cümlədən istismarı nəzərdə tutulan SES-lərin gücünün qiymətləndirilməsi üzrə işğaldan azad edilmiş ərazilərdə ümumi gücü 164.8 MVt olan 20 su elektrik stansiyası istifadəyə verilib. Ümumi gücü 104.8 MVt olan 12 stansiyada tikinti-quraşdırma işləri davam edir.
“2023-cü ilin 27 dekabr tarixində Kəlbəcər və Laçın rayonlarında 13.8 MVt gücündə 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb”, - məlumatda qeyd olunub.
Nazirlikdən bioenerji və geotermal enerji potensialından istifadə istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi də bildirilib: “Geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin yaradılması və geotermal enerjidən istifadə sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmiz Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin idarəçiliyi ilə fəaliyyət göstərən Qlobal Geotermal Alyansa üzvlüyə qəbul edilib. Bioenerji və geotermal enerji potensialından istifadə istiqamətində araşdırmalar davam etdirilir”.
Enerji istehlak edən və enerji istehlakına təsir edən cihazların, avadanlıqların və materialların seçimi zamanı enerji səmərəliliyinin nəzərə alınması üçün təkliflərin hazırlanmasına gəlincə, qeyd olunub ki, tədbir çərçivəsində cihaz, avadanlıq və materialların seçimi zamanı enerji səmərəliliyinin nəzərə alınması üzrə dünya təcrübəsi araşdırılıb, təklifləri əhatə edən təqdimat hazırlanaraq təqdim olunub.
Qeyd olunub ki, iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi məqsədilə tədbirlərin təşviqi sahəsində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun tətbiqi ilə bağlı təsdiq edilmiş normativ hüquqi aktlar ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə enerji səmərəliliyinin təmin edilməsinə öz töhfəsini verəcək: “Eyni zamanda, qanunun 15-ci maddəsində enerji səmərəliliyinin təmin edilməsi üçün təşviqedici tədbirlər nəzərdə tutulub. Qanunun 16-cı maddəsinə əsasən isə enerji səmərəliliyinin stimullaşdırılması və təşviqi məqsədilə Enerji Effektivliyi Fondunun yaradılması nəzərdə tutulub. Fondun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasının layihəsi hazırlanaraq təqdim edilib”.
Nazirlikdən deyiblər ki, yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin həyata keçiriləcəyi sahələrin müəyyən edilməsi ilə bağlı Zəngilan rayonunun Ağalı kəndində evlər müəyyən edilib. Sözügedən ərazilərdə tətbiq olunacaq müxtəlif texnologiyaların tətbiqi üzrə təhlillər aparılıb.
Eyni zamanda, pilot layihələrin Qarabağ Dirçəliş Fondunun maliyyə vəsaiti hesabına həyata keçirilməsi istiqamətində danışıqlar davam etdirilir.
“Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində Günəş kollektoru, 250-dən çox evdə Günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 1000 kVt-dan çox olan Günəş enerjisi sistemləri, 2500-ə yaxın LED lampalarla təchiz olunmuş və Günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik doldurma məntəqələri quraşdırılıb”, - məlumatda bildirilib.
Qeyd edilib ki, Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun tikintisi ilə bağlı konsept layihələri hazırlanıb.