Qiyabi təhsil özünü doğrultmur - Distant təhsil isə...

Müasir dövrdə təhsil sahəsində tələb olunan yeniliklər arasında distant təhsil də var. Texnologiyanın inkişafı təhsil sisteminə təsirsiz ötməyib. Bu təsirlərdən biri kimi distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi üçün şərait yaranıb.
Distant təhsil sistemi tədris prosesinin onlayn formasıdır. Hazırda dünyada tələbələrə distant təhsil təklif edən universitetlərin çoxu “açıq universitet” adı altında fəaliyyət göstərir. Distant formatda keçilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından elə də fərqli olmur.
Bu təhsil sistemi iqtisadi cəhətdən də sərfəlidir. Bundan başqa, ayrılan vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar. Müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilərlər. Buna görə də distant təhsilin maliyyə xərci münasib olur.
Əlçatan olan distant təhsil uzaq məsafələr qət etmədən oxuyub-öyrənmək imkanı yaradır.
Amma hazırda ölkəmizdə təhsilin bu forması yoxdur. Pandemiya vaxtı bir müddət distant təhsilə keçilsə də, bu, müvəqqəti xarakter daşıdı.
Azərbaycanda distant təhsilin təşkili ilə bağlı hansı problemlər var?
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov TNS-ə bildirib ki, distant təhsil məsələsi gündəmə gətirilməli, həm universitetlər, həm də distant formada təhsil alamaq istəyən gənclərimiz üçün bu imkan yaradılmalıdır.
Bu sahədə olan problemlərə gəlincə, müsahibimiz deyib ki, universitlərin distant təhsillə bağlı bacarıqları yoxdur: “Pandemiya zamanı ali təhsil ocaqları məcbur distant təhsilə keçdi və biz gördük ki, universitetlərin bu istiqamətdə bacarıqları yoxdur. Təbii ki, məcburiyyət qarşısında dərslər keçirildi. Amma istənilən effekt olmadı. Az sayda universitet qısa vaxtda distant təhsillə bağlı işi təşkil edə bildi. Bu məsələdə infrastrukturla yanaşı, həm də müəllimlərin hazırlığı, dərs vəsaitləri ilə bağlı problemlər var. Biz mütləq distant təhsillə bağlı işləri qurmalıyıq. Çünki dünya dəyişir, rəqəmsallaşmaya, süni intellektə doğru gedir. lV sənaye inqilabının çağırışları var. Bu dövrdə təhsil aktivləri daha çox rol oynayacaqlar”.
Ekspert qeyd edib ki, ölkəmizin, xüsusilə ali təhsillə bağlı dünyada gedən yeniliklərlə bağlı planları, strategiyaları olmalıdır.
Onun sözlərinə görə, universitetlər bu sahədə çox çalışmalıdır: “Bizim universitetlərimzin bu sahədə iş aparmasının qarşısını alan həm də hüquqi bazanın olmamasıdır. “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Həmin qanunda distant təhsillə bağlı maddələr mütləq öz əksini tapmalıdır. Məkan və zamandan asılı olmayaraq, insanlar üçün təhsil almaq imkanını, mühitini yaratmalıyıq. Distant təhsil zamanın tələbidir. Bu gün qiyabi təhsilin özünü doğrultmadığını gördük. Baxmayaraq ki, zamanında bu təhsil forması lazım idi. Amma gələcəyin təhsili kimi əyani təhsillə birgə distant təhsili də formalaşdırmaq lazımdır. Bir çox ölkədə təhsil artıq hibrid formada təşkil olunur. Bu istiqamətdə çalışmaq lazımdır. Amma qeyd etdiyim kimi, infrastrukturla bağlı müəyyən problemlər var, amma ən vacib problem qanunvericilik sahəsindədir. Qanunvericilikdəki problemi həll edə bilsək, ali təhsil müəssisələri üçün imkanı yaratsaq, hansı ali məktəbin imkanı olacaqsa, distant təhsili verəcək”.
Aygün