Valideynlərin bu hərəkəti qiymətləri aşağı olan uşaqlarda məktəb fobiyası yaradır

Valideynlər bəzən övladlarının qiymət cədvəllərinə lazım olduğundan daha çox məna yükləyir. Bəzi hallarda qiyməti aşağı olan uşaqlar valideynin ittihamına və cəzasına məruz qalır. Mütəxəssislər xəbərdarlıq edir ki, valideynlərin bu cür tənqidi münasibəti uşaqları motivasiya etmir, əksinə, uğursuzluğu daha da artırır.
Qiymət cədvəli ilə uşağın həmin il ərzində əldə etdiyi biliklərin yetərli olub-olmadığı ölçülür. Halbuki, uşağın intellekti, dəyəri, şəxsiyyəti qiymətlərlə göstərilmir. Valideynlərin aşağı qiymətlərə reaksiyası uşaq üçün neqativ nəticələrə səbəb ola bilər. Ekspertlərin fikrincə, əhəmiyyətli olan qiymət deyil, uşağın göstərdiyi səydir.
TNS təhsil eksperti Ömər Öcalın valideynlərin aşağı qiymətlərə verdiyi reaksiyası ilə bağlı “TRT Haber”ə açıqlamasını təqdim edir.
Ekspert bildirib ki, uşaqların motivasiyası, göstərdikləri əmək və səy bütövlükdə nəzərə alınmalıdır: “Şəxsiyyəti inkişaf çağında olan uşağı yalnız aldığı qiymətlərə görə dəyərləndirmək onun gələcək akademik həyatına mənfi təsir göstərə bilər. Artıq zaman dəyişib. Pedaqoq və valideynlər bunu nəzərə almalıdır. Uşaqların xoşuna gəlməyən bir söz var: “Dərs oxu!” Bu cür yanaşma onları narahat edir. “Mənə oxu deyəndə, oxumaq istəsəm də, oxumuram", - deyirlər. Uşaqlar əmr cümlələrini sevmirlər. Dəyərləndirmənin sadəcə qiymətlər əsasında aparılması onları narahat edir”.
Valideynlərin etdiyi ən böyük səhvlərdən biri övladlarını tənqid etmək və onlardan davranışlarını dəyişməsini gözləməkdir. Mənfi üslubla müsbət nəticə gözlənilir.
Öcal bu gözləntinin real olmadığını belə izah edir: "Uşağı narahat edəcək, onun şəxsiyyətinə yönələn, aşağılayan ifadələrlə tənqid etməklə ondan gözlənilən davranışı ortaya çıxarmaq mümkün deyil. Bunun əvəzinə valideynlər və pedaqoqlar görmək istədikləri davranışa uyğun bir dillə danışmalıdır. Əsas qiymət cədvəli yox, uşağın zəhmətidir. Aşağı qiymətlərə görə tək uşaq günahkar deyil, çünki təhsil bütöv bir sistemdir. Məktəb, müəllim, bələdçilik, rəhbərlik, ana və ata da məsuliyyət daşıyır”.
O bildirib ki, valideynlər uşağın dərslərə nə qədər vaxt ayırması, özünü necə məsuliyyətli hiss etməsi, dərs vərdişlərini necə inkişaf etdirməsi, mütaliə fəaliyyətini nə qədər inkişaf etdirməsi kimi amilləri bütövlükdə nəzərdən keçirməlidir.
Ekspert vurğulayıb ki, uşaqları günahlandırmaq ilk növbədə, uşaqların oxumağa, öyrənməyə həvəsinə mane olur. Bu, uşaqlarda məktəbə qarşı mənfi təsəvvürlərin formalaşmasına səbəb ola bilər. Uşaqları oxumaqdan, öyrənməkdən və dərsdən uzaqlaşdırar. Məktəb fobiyası kimi bir çox əlamətlərə səbəb ola bilər: “Qiymətlər dəyərləndirilərkən “Niyə bu nəticəni göstərdin yox, nə üçün biz bu nəticəyə gəldik? Yaxşı qiymət almağın üçün nələri etmədik? Növbəti dövrdə yaxşı qiymət almağın üçün nələri edə bilərik? Bir valideyn olaraq sənə necə dəstək olmağımı istəyirsən? kimi konkret suallarla uşaqlar motivasiya edilməlidir”.
Aygün