Uşaqların xəyali “dostları”: Bundan narahat olmalıyıqmı?

Xəyali “dostlar” azyaşlıların öz şüurunda yaratdıqları xarakterlərlə qurduqları dostluqlardır. Ailələr vəziyyətdən narahat olsalar da, xəyali dostluqlar düşündükləri qədər narahatedici deyil.
Cizgi film qəhrəmanı, super qəhrəman, heyvan və ya sevimli oyuncaq...
Uşaqların təxminən 40-60 faizinin xəyali dosta ehtiyacı ola bilər. Bu görünməz “dost”u zehinlərində təsəvvür edərkən, bildikləri xüsusiyyətləri tez-tez bir araya toplayırlar. Beləliklə, xəyali “dostlar” bəzən nümunə göstərir, bəzən də ailələrin bəyənmədiyi keyfiyyətlərə malikdirlər. Onlar hətta “günah keçisi” rolunu da götürə bilərlər...
Uşaqlar xəyali “dostlar”a nə üçün ehtiyac duyurlar?
TNS xüsusilə 3-7 yaş aralığında baş verən bu vəziyyət barəsində türkiyəli klinik psixoloq Seda Aydoğdunun fikirlərini təqdim edir.
O bildirir ki, uşağın xəyali bir “dost”u olması narahatedici deyil. “Xəyali “dostlar” övladımızın təxəyyülünü inkişaf etdirir: “Araşdırmalar göstərir ki, xəyali “dostlar” tənhalıqla əlaqəli deyil. Çünki bu halı geniş dost çevrəsi olan uşaqlarda da görmək olar. Xəyali “dostlar” uşaq tək olanda onunla oynayan, ona dəstək olan simvol kimi qəbul edilir. Bundan əlavə, xəyali “dostlar” bəzən pis davranan və pis sözlər söyləyən biri kimi görünə bilər. Bu zaman uşaq xəyali “dost”unu özü ilə ailəsinin qəzəbi arasında qalxan kimi istifadə edərək sözün əsl mənasında ondan “günah keçisi” kimi istifadə edə bilər”.
Həkim deyir ki, uşaqların xəyali dostluq qurması hər hansı psixoloji pozğunluğun əlaməti deyil: "Bu, psixoloji pozğunluq kimi yox, inkişafın bir pilləsi kimi qiymətləndirilməlidir. Hər bir uşağın xüsusi olması nəzərə alınmalıdır. Xəyali “dostlar” uşaqların ağıl nəzəriyyəsi kontekstində qurduqları anlayışlardır. Bu, həm də insanların başqalarının fikirlərini daha yaxşı anlamasına imkan verən ayrıca və xüsusi bir sahə hesab olunur”.
Hansı uşaqların zehnində xəyali “dostlar” inkişaf etdirmə ehtimalı daha yüksəkdir?
Psixoloq bildirir ki, travma qurbanı olan və ya şiddətli qorxuları olan uşaqlarda xəyali “dostlar” inkişaf etdirmək, problemlə mübarizə aparmaq bacarığı kimi dəyərləndirilir. Eyni zamanda, uşaqlar dəstək və dəstəyə ehtiyaclarına cavab olaraq və emosional tənzimləmə vasitəsi kimi xəyali “dostlar” uydura bilərlər".
Mütəxəssisin fikrincə, uşaqların təxminən 40-60 faizi, xüsusən də 3-7 yaşları arasında xəyali dostluq qura bilir. Bu hal 7 yaşından sonra nadir hallarda müşahidə olunur: “Xəyali dostlar çox vaxt 7 yaşından sonra yoxa çıxsa da, bəzi uşaqlarda yeniyetməlik dövrünə qədər davam edə bilir”.
O bildirir ki, ailələr xəyali “dost”la bağlı narahat olmaqdansa, onu yaxşı tanımağa çalışmalıdr: “Xəyali “dost” uşağın şüurunun təmsili hesab olunur. Uşaq öz istək və ehtiyaclarını, qorxularını və ya fitnə-fəsadlarını həmin “dost” vasitəsilə ifadə edir. Valideyn olaraq övladımızın oyunlarında onun xəyali “dostlar”ı ilə müəyyən qədər maraqlanmalıyıq, ancaq sərhəd qoyulması lazım olan yerdə geri addım atmamalıyıq. Ailənin vəziyyətlə bağlı qərarsız qaldığı hallarda ekspert rəyi alması vacibdir”.
Aygün